07 may tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycan gəncliyinin Avropaya inteqrasiyası” (AQAT) gənclər təşkilatının Böyük Vətən müharibəsi veteranları ilə görüşü keçirildi.
Görüşdə həmçinin milli icmaların (tatar, yahudi, ukrayna, polyak) gənclər təşkilatının nümayəndələri və jurnalistlər iştirak etmişlər.
Görüşdə çıxış edən gənclər veteranları Böyük Vətən müharibəsində Qələbənin 65-illiyi münasibətilə təbrik etdilər, onlara göstərdikləri şücaətə və indiki nəslin dinc və firavan yaşadığına görə minnətdarlıqlarını bildirdilər.
Görüşdə AQAT-ın prezidenti G.Səfərova, AQAT Gənclər Təşkilatları İttifaqının koordinasiyaçısı N.Vəliyev və milli icmalar gənclər təşkilatlarının nümayəndələri (qeyd edək ki, AQAT-n nəzdində milli icmaların gənclər təşkilatının ittifaqı təşkil olunub) çıxış etdilər. Çıxış edənlər AQAT gənclər təşkilatının rolundan, əhəmiyyətindən və gələcək perspektivlərindən söz açdılar. Burada ukrayna və polyak milli icmaların gənclər təşkilatları da AQAT-a üzv seçildilər.
Böyük Vətən müharibəsi veteranları keçdikləri ağır sınaqların acı xatırələri ilə bölüşdülər, yoldaşlarının mübarizliyindən söz açdılar, Böyük Qələbə uğrunda keçdikləri yoldan danışdılar.
Gənclər hər bir veteranın şəxsiyyəti və mübarizə yolu ilə maraqlandılar, veteranlar isə gəncliyi maraqlandıran suallara hərtərəfli cavab verdilər.
Sonda RİMM-in nümayəndəsi çıxış etdi. Veteranlar üçün bayram süfrəsi açıldı, hər birinə gənclər təşkilatı adından gül dəstələri və hədiyyələr təqdim olundu.
