29 may tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Rusiya mədəniyyəti dünya sivilizasiyası kontekstində” adlı kultoroloji seminar keçirildi. “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyası ilə birgə hazırlanmış tədbir Rusiya gününə həsr olunmuşdur.
Seminarda Rusiya, Macarıstan, Fransa, Yaponiya Səfirliklərinin, yaradıcı ittifaqların, ictimai, həmçinin gənclər, həmvətənlilər təşkilatlarının nümayəndələri, alimlər, müəllimlər iştirak edirdilər. İştirakçıları Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri prof.Ə.Şeyxov və seminarın elmi rəhbəri, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti F.Məmmədov salamladılar. Aparıcı mədəniyyətşünaslar, filoloqlar, sənətşünaslar prof.L.Qranovskaya, prof.N.Məmmədxanova, prof.D.Həsənzadə və başqaları öz çıxışlarında Rusiya mədəniyyətinin tarixi və müasir vəziyyətinin müxtəlif aspektlərini, onun ədəbiyyat, ritorika, poetika, tarix, rəssamlıq, musiqi sahələrində dünya və Azərbaycan mədəniyyəti ilə qarşılıqlı əlaqələri işıqlandırdılar. Çıxışların çoxu videomaterialların nümayişi ilə müşayiət edilirdi.
Seminar “Rus mədəniyyəti: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa formatlı müzakirələrlə davam etdi.

