23 oktyabr tarixində Bakı şəhərində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş “Heç kim və heç nə unudulmayıb” layihəsinin qaliblərinin və “Xilas olunmuş dünya xatırlayır...” uşaq rəsmləri beynəlxalq müsabiqəsi laureatlarının mükafatlandırılması keçirilmişdir.
Layihənin təşkilatçıları Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfirliyi, Rossotrudniçestvo nümayəndəliyi, Azərbaycan rus icması və Rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyası olmuşdur.
Cari ilin fevral ayından iyun ayınadək keçirilən ən yaxşı inşa, rəsm, hərbi mahnıların ifası müsabiqələrində 40-dan artıq ümumtəhsil məktəblərinin, liseylərinin və gimnaziyalarının, o cümlədən 10 rus dilinin dərindən öyrənilməsi üzrə pilot məktəblərin şagirdləri iştirak etmişlər. Təhsil müəssisələrində müharibə və əmək veteranlarının dəvət olunduğu ədəbi-musiqili gecələr, bu mövzuda sərgilər təşkil olunmuşdur.
Rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyasının iştirakı ilə Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfirliyi və Rossotrudniçestvo nümayəndəliyinin təşkil etdiyi “Xilas olunmuş dünya xatırlayır...” uşaq rəsmləri beynəlxalq müsabiqəsində 50 ümumtəhsil və incəsənət məktəblərinin uşaq qalereyalarının şagirdləri iştirak etmişlər. Müsabiqə laureatlarının işləri Moskva şəhərində nəşr edilmiş “Xilas olunmuş dünya xatırlayır...” albomunda çap olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfirliyinin, Təhsil Nazirliyinin, Bakı şəhəri təhsil idarəsinin, Rusiya həmvətənliləri təşkilatlarının nümayəndələri, müxbirlər, layihədə qalib olmuş məktəblərin direktorları və rus dili müəllimləri iştirak etmişlər.
Sonda Bakı şəhəri məktəblərinin şagirdlərinin hazırladığı konsert təqdim olunmuşdur.


