Oktyabrın 23-də Rusiya Mədəniyyət-İnformasiya Mərkəzində (RİMM) RİMM-in metodik mərkəzi yanında daimi fəaliyyət göstərən «Gənc müəllimlərin məktəbi» adlı seminarın başlamasına həsr olunmuş «dəyirmi masa» keçirilib.
«Dəyirmi masa»da Bakının ümumtəhsil məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsinə yönəlmiş «50 pilot məktəb» layihəsində iştirak edən müəllimlər iştirak ediblər.
«Gənc müəllimlər məktəbi»ni təşkil etmək üçün RİMM-in metodistləri seminarda müzakirəyə çıxarmaq məqsədilə nisbətən aktual məsələləri, «ağrılı nöqtələri» aşkar etmək, həmin müzakirələrdə iştirak edəcək mütəxəssisləri müəyyən etmək, cari və perspektiv planları tərtib etmək üçün uzunmüddətli iş aparıblar.
Bakı Təhsil İdarəsinin nümayəndəsi Q. Sultanova və Bakı Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunun təmsilçisi A. Rzayeva məktəblərdə rus dili tədrisi prosesində nikbinlik yaradılması baxımından bu seminarın əhəmiyyəti barədə danışıb, «50 pilot məktəb» layihəsinin reallaşmasının buna yardım edəcəyini söyləyiblər. RİMM-in əməkdaşı, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri L. Yakunina iştirakçıları metodik seminarın iş planı ilə tanış edib və «Gənc müəllimlər məktəbi»nin işində fəal iştirak etməyə çağırıb.
Təcrübəli müəllimlər «Orta və aşağı sinif şagirdlərinin yaşla bağlı psixoloji xüsusiyyətləri», «Müasir müəllim hansı xüsusiyyətlərə malik olmalıdır?» və s. mövzularda çıxışlar ediblər.
Tədbirin sonunda «dəyirmi masa»nın bütün iştirakçılarına RİMM-in metodistləri tərəfindən gənc müəllimlərə kömək məqsədilə hazırlanmış metodik materiallar, o cümlədən «Gənc müəllimə məsləhətlər» adlı yaddaş kitabçası paylanıb, «Cənc müəllimlər məktəbi»nin növbəti iclaslarının tarixi müəyyənləşdirilib.
