2009-cu il oktyabrın 3-də S. A. Yeseninin Mərdəkanda yerləşən Ev-muzeyində şairin ad gününə həsr olunmuş bayram şənliyi keçirilib. Tədbiri Rusiyanın Azərbaycandakı səfirliyi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Ev-muzeyin rəhbərliyi təşkil edib.
Təhsil, mədəniyyət və turizm nazirliklərinin, Əzizbəyov rayon İcra Hakimiyyəti, dipkorpus, ictimai təşkilatlar, KİV, pedaqoji kollektivlər, lisey, ümumtəhsil məktəblərinin nümayəndələri, rus dili və ədəbiyyatı üzrə olimpiadaların qalibləri olan şagirdlər tədbirdə çıxış ediblər.
Rusiyanın Azərbaycandakı səfiri V. D. Doroxin S. A. Yesenin Ev-muzeyinə şairin iki avtoqrafının sürətini hədiyyə edib. Birinci avtoqraf 1914-cü ildə yazılmış «Rus» poemasından bir parça, digəri isə 1915-ci ildə yazılmış «Qoy tı, Rus, moya rodnaya» şeridir.
Hər iki eksponatı Moskva Dövlət S. A. Yesenin Muzeyi Rusiyanın Azərbaycandakı səfirliyinin xahişi ilə şairin Bakıdakı Ev-muzeyi üçün hazırlayıb.
Bayram tədbirində «Günay» uşaq dram teatrı, 2 saylı internatın uşaq nəfəs orkestri, 145 saylı ümumtəhsil məktəbinin şagirdləri ədəbi proqramla çıxış ediblər.
Rus dili və ədəbiyyatı üzrə olimpiadanın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.


