Yanvarın 26-da “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində "Azərbaycan 2009 - turizm dünyası" II Beynəlxalq Foto Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş müsabiqədə Azərbaycan, Rusiya, Polşa, Almaniya və digər ölkələrdən həvəskar fotoqraflar və peşəkar foto-rəssamlar iştirak ediblər.
“Azərbaycan əcnəbilərin gözü ilə” kateqoriyasında III yerə sahib çıxan gənc rusiyalı həvəskar-fotoqraf Mariya Maşşenko həmçinin həvəsləndirici mükafata da layiq görülüb.
Müsabiqənin təşkilatçılarından mükafatı qəbul edən “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin tədbirin keçirilməsində iştirakından, Mərkəzin nəzdində fəaliyyət göstərən bədii fotoqrafiya studiyasının fəaliyyətindən söz açıb və rusiyalı iştirakçının yaradıcılığına verilmiş yüksək qiymətə görə təşkilatçılara minnətdarlığını bildirib.
Mükafatlandırma mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, məşhur və gənc foto-müxbirlər, foto-rəssamlar, ədəbiyyatçılar, musiqiçilər, rəssamlar, kinematoqraflar, ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Tədbir yerli televiziya vasitəsilə nümayiş olunub.
