“Rusiyanın Azərbaycandakı səfirliyinin yeni kompleksinin açılışı”
Açılış mərasimində Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib
1998-ci il avqustun 23-də Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda səfirliyin yeni kompleksinin açılışı münasibətilə rəsmi ziyafət təşkil edib.
Tədbirdə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev alqışlarla qarşılanıb, rus adətinə uyğun olaraq milli geyimdə olan oğlan və qız prezidentə duz-çörək təqdim ediblər.
Rusiyanın Azərbaycanın səfiri Aleksandr Bloxin Rusiya Xarici İşlər Nazirliyi və səfirlik adından prezident Heydər Əliyevə və tədbir iştirakçılarına Azərbaycan memarlarının layihəsi əsasında inşa edilmiş kompleksin açılışında iştiraka görə təşəkkürünü bildirib.
Rusiya dövlət himninin sədaları altında Rusiya Federasiyasının bayrağı qaldırılıb, sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Aleksandr Bloxin Rusiya xarici işlər nazirinin müavini İvan Sergeyevə söz verib. Nazir müavini prezident Heydər Əliyev və bütün tədbir iştirakçılara müraciətlə deyib:
- İcazə verin Sizi Rusiya Federasiyası hökuməti adından, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin yeni kompleksinin açılışına həsr olunmuş Rusiya-Azərbaycan Günündə salamlayım. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə dostluğu daim möhkəmləndirib və möhkəmləndirir. Səfirliyin yeni kompleksinin açılışı bu dostluğun inkişafının və möhkəmlənməsinin əyani sübutudur.
Açılış mərasimində prezident Heydər Əliyevin iştirakı Azərbaycanla Rusiya Federasiyası arasında dostluğu bir daha sübuta yetirir. Bizim xalqlarımızı çoxillik əməkdaşlıq, birgə fəaliyyət bağlayır, azərbaycanlıların və rusiyalıların bir neçə nəsli birgə işləyib, birgə nailiyyətlər əldə ediblər. Bizim xalqlarımızı bir sıra birgə hadisələr bağlayır, bu hadisələr əsirlər boyu bizim insanların ürəklərində qalır. Bu hadisələrdən biri yalnız Rusiya və Azərbaycan xalqlarını yox, keçmiş SSRİ xalqlarının unuda bilməyəcəyi Böyük Vətən Müharibəsində Azərbaycan və onun xalqının Qələbəyə verdiyi son dərəcə mühüm töhfəsidir.
Rusiya hər zaman qonşu Azərbaycanla dostluq, yaxın qonşuluq və hərtərəfli münasibətlər qurmağa can atıb. Buna sübut kimi Rusiya ilə Azərbaycan arasında münasibətlərin yalnız federal səviyyədə yox, Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında da qurulmasını göstərmək olar. Təkcə son bir ildən artıq müddətdə Rusiya Federasiyasının subyektləri və Azərbaycan hökuməti arasında 10-dan artıq hökumətlərarası saziş imzalanıb. Dünən Sankt-Peterburq hökuməti ilə Azərbaycan hökuməti arasında qarşılıqlı əməkdaşlıq və münasibətlərin çoxtərəfli inkişafı haqqında sazişə imza atılıb. Rusiya səfirliyinin yeni kompleksinin açılışı bu münasibətlərin inkişafından xəbər verir, ən əsası odur ki, bu münasibətlərin dərinləşməsi və inkişafı üçün zəmin yaradır. Bu isə sözsüz ki, Rusiyanın Bakıdakı və Azərbaycanın Moskvadakı səfirliklərinin kollektivinin yaxşı, mehriban, ahəngdar işindən də asılı olacaq.
Rusiya hökuməti adından bu kompleksin inşasında iştirak edənlərə – sifarişçi, podratçı, layihəçi, çoxsaylı Rusiya, Türkiyə və Azərbaycan inşaatçılarına, bir sıra təşkilatlara bu gözəl kompleksin yaradılmasına öz əməyini, ürəyini və biliyini sərf etmiş insanlara minnətdarlığımı bildirmək istəyirəm.
Sonda icazə verin səfirliyin sabahdan tamamilə yeni şəraitdə işləməyə başlayacaq kollektivinə uğurlar arzulayım, tam əminliyimi bildirim ki, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin işi Rusiya və Azərbaycan xalqları arasında dostluq, əməkdaşlıq və sülhün möhkəmlənməsinə yardım edəcək.




|