VLADİMİR DOROXİN: “AZƏRBAYCAN BİZİM CƏNUB QONŞUMUZDUR VƏ BİZ İSTƏYİRİK Kİ, CƏNUB QONŞUMUZ ÜÇÜN HƏR ŞEY YAXŞI OLSUN”.
Hər bir xalqın həyatında elə günlər var ki, təqvimdə qırmızı hərflərlə yadda qalır. Bu gün Rusiya tarixində belə günlərdən biri qeyd edilir. 12 iyun Rusiyanın milli bayramı kimi hər il təmtəraqla qeyd olunur. Bu əlamətdar tarix və Azərbaycan-Rusiya əlaqələri ilə bağlı suallarımızı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin cavablandırır.
– Cənab səfir, bu gün Rusiya milli bayramı olan Rusiya Gününü qeyd edir. Siz bu bayramı necə keçirəcəksiz? Rusiya Günü sizin üçün hansı məna kəsb edir?
– Mən bir qədər bu günün tarixi ilə bağllı məlumat vermək istərdim. Bu proses hələ Sovet dönəmindən başlayıb. 12 iyun 1990-cı ildə RSFSR-in Xalq Deputatları Qurultayında “RSFSR-in Dövlət Müstəqilliyi haqqında bəyannamə” qəbul olundu. Beləliklə, Rusiya Federasiyası SSRİ-nin tərkibində öz müstəqilliyini elan etdi. 1994-cü ildə Rusiya prezidenti Boris Yeltsin Rusiyanın müstəqilliyi ilə bağlı deklarasiyanın qəbul olunması gününü – 12 iyunu dövlət bayramı elan etdi. 1997-ci ildə bayramın adı dəyişildi. Həmin vaxtdan biz bu tarixi Rusiya Günü kimi qeyd edirik.
Şəxsən mənim üçün bu günün hansı məna kəsb etdiyini belə izah edə bilərəm. Sovetlər Birliyinin dağılması və müstəqil Rusiya Federasiyasının elan olunması ilə bir Rusiya vətəndaşı olaraq mənim üçün yeni dönəm başladı.
12 iyun mənim üçün taleyimdə dönüş nöqtəsi olub desəm yanılmaram. Bu dönüş yeni çağırışlar və yeni imkanlarla bağlıdır. Qeyd etməliyəm ki, dönüş müsbət istiqamətə yönəlib. Bu, digər İttifaq ölkələrinin əksəriyyətində oxşar aktın qəbul edilməsindən sonra həyata keçirilmişdi. İstənilən diplomatik nümayəndəlik üçün milli günün bayram edilməsi çox mühüm və məsuliyyətli məsələdir. Bir səfir kimi bu məqsədlə qəbullar və digər bayram tədbirlərinin təşkili ilə məşğul olacağam.
– Siz Azərbaycanda hansı təəssüratlarla işə başlamısız?
– İlk növbətə işə məsuliyyət hissi ilə başlamışam. Rusiya üçün Azərbaycan siyasi, iqtisadi və başqa sferalarda əhəmiyyətli bir tərəfdaşdır. Azərbaycan Rusiya üçün ən vacib tərəfdaşlardan olmaqla yanaşı, həm də Şimali Qafqaz qonşusudur. Azərbaycanın dünya energetika bazarında, beynəlxalq əlaqələrdə sərbəst rolu var. Biz Xəzəryanı ölkələrik. Rəsmi Bakının vəziyyəti, fikirləri və fəaliyyəti Moskva üçün çox önəmlidir. Bizim çoxsaylı görüşlərimiz və səfərlərimiz olur. Elə günlər olub ki, mən bir gün ərzində üç dəfə hava limanına gedib qonaqları qarşılayıb yola salmışam. Səfirin gündəlik həyatını özünüz təsəvvür edin. Lakin çox vacib bir məsələni də qeyd etməliyəm. İş qrafikimin gərginliyi və məsuliyyəti Azərbaycanda insanlarla ünsiyyətin yaratdığı müsbət emosiyalarla kompensasiya olunur.
– Siz səfir olaraq Azərbaycan-Rusiya əməkdaşlığının hansı istiqamətlərini prioritet hesab edirsiz?
– Rusiya və Azərbaycan arasında olan əməkdaşlıq həm siyasi, həm də iqtisadi xarakterli sahələri əhatə edir. Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün vasitəçi missiyasını daşıyır. Bunlar hər biri qarşılıqlı əlaqədə olmaqla bərabər əhəmiyyət daşıyır. Ölkələrarası münasibətlər o zaman uğurlu hesab olunur ki, onlar arasındakı münasibətlərin xarakterində ahəngdarlıq yaransın. Azərbaycan-Rusiya münasibətlərində də bunu demək olar. Dövlətlərimiz arasında belə bir ahəngdarlıq var. Və təbii ki, ölkələr arasında mühüm prioritetlərdən biri iqtisadi əməkdaşlıqdır. Neft sektorunda Rusiya Azərbaycanın bir nömrəli müttəfiqidir. Bundan milyonlarla insanın gəlirləri və həyat səviyyəsi asılıdır. Məlum olduğu kimi, 2009-cu il iqtisadi sferada o qədər də yaxşı olmadı. Ticarət demək olar ki, 25 faizə qədər azaldı. Lakin hazırda bunun əksi olaraq artım müşahidə olunur. Cari ilin ilk beş ayı ərzində bu göstərici 18 faiz təşkil edib. Azərbaycandan Rusiyaya ixrac 75 faizə çatıb. Buna baxmayaraq istifadə olunmamış imkanlar hələ kifayət qədərdir.
– Ölkələrimiz strateji tərəfdaşlardır. Bu münasibətlərdə daha çox nə üstünlük təşkil edir – siyasi konyuktura, yoxsa təməl maraqları?
– Siyasi şərait əsasında hər şeyin yaxşı olduğunu göstərmək üçün “Dostluq ayı” və ya digər aksiyalar keçirmək olar. Strateji əməkdaşlıq üçün isə sizin təməl maraqlar adlandırdıqlarınızın üst-üstə düşməsi zəruridir. 90-cı illərin əvvəlində hərə öz yolunu seçdi. Lakin buna baxmayaraq bizim ölkələrimiz bir-biri üçün maraq və əhəmiyyət kəsb edir və bir-birimizin nailiyyətlərində maraqlıyıq. Başqa cür ola da bilməz. Rusiya ilə Azərbaycanı dərin tarixi, mədəni, sosial və s. sahələr bir-birinə bağlayır. Rusiya-Azərbaycan tərəfdaşlığı siyasi şüarlar xatirinə yox, insanların rifahı naminə inkişaf edir. Bakıda bunu nəzərəçarpacaq dərəcədə hiss etmək mümkündür. Rusiya ilə münasibət demək olar ki, hər bir Azərbaycan ailəsini əhatə edir.
– Son zamanlar Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin nizamlanması üçün prezidentlər səviyyəsində görüşlər təşkil etməyə başladı. Bu sülhməramlı fəaliyyəti Rusiyanın digər həmsədr ölkələrdən – ABŞ və Fransadan fərqli olaraq Azərbaycan və Ermənistanla qonşuluğunun, ABŞ və Fransa ilə müqayisədə problemin həlli üçün daha böyük imkanlara malik olmasının təzahürü hesab etmək olarmı?
– Bu bir faktdır ki, Rusiya Qarabağ problemi ilə bağlı başqa ölkələrdən daha çox məlumata malikdir. Uzun illər biz eyni dövlətin tərkibində olmuşuq və bu problemin mənşəyini başqalarından yaxşı başa düşürük. Rusiya lap əvvəldən sözügedən konfliktin nizamlanmasına cəlb olunub və iki ölkə arasında atəşkəsin elan olunmasında Moskvanın böyük rolu olub. Buna görə də Rusiya prezidenti Dmitri Medvedev yeganə dövlət başçısıdır ki, vasitəçilik prosesində şəxsən iştirak edir. İmkanlara gəlincə, münaqişə başlayandan bəri Rusiya həmişə problemin nizamlanması prosesində iştirak edib. Hazırda bizim ölkəmiz ATƏT-in Minsk qrupuna ABŞ və Fransa ilə yanaşı həmsədrlik edir. Amma biz yalnız vasitəçiyik. Vasitəçilərin imkanlarını böyütmək lazım deyil. Azərbaycan və Ermənistan sərbəst, müstəqil və suveren dövlətlərdir və təbii ki, problemin həlli yolunda son söz onların özlərinə məxsusdur.
– Azərbaycan və Rusiya arasında mədəni əlaqələr hansı səviyyədədir? Təhsil, elm və gənclər siyasətində hanşı işlər görülür?
– Azərbaycan və Rusiya arasında mədəni əlaqələr təbii xarakter daşıyır. Mədəni tədbirlər, layihələr və onların nəticələri Azərbaycana sərbəst şəkildə daxil olur. Bu mədəni tədbirlər Azərbaycanda Rusiyadan gələn kitablar, teatr və tanınmış ifaçıların qastrolları şəkilində təzahür edir. İndi isə yeni formalar meydana çıxıb. Məlum olduğu kimi, 2008-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialının və Rusiya İnformasiya-Mədəni Mərkəzinin açılışı oldu. Mən bir səfir olaraq fəxr edirəm ki, Rusiya azərbaycanlı kadrların hazırlanmasında ən başlıca mərkəzlərdən biri olaraq qalır. Rusiyanın müxtəlif təhsil müəssisələrində təxminən altı min Azərbaycan vətəndaşı dövlət və öz şəxsi hesabına təhsil alır. Biz Azərbaycan hökumətinin rus dili sahəsində apardığı siyasəti yüksək qiymətləndiririk. Rus dilinin Azərbaycanda yayılma miqyası əhəmiyyətli dərəcədə artıb. Bunun əsasında isə bizim ölkələr arasında səmərəli əməkdaşlıq həyata keçirilir. Son illər Rusiya xarici ölkələrdə rus dilinin dəstəklənməsi məsələsilə ciddi məşğul olur. Bunun üçün müvafiq strukturlar yaradılıb, maddi vəsaitlər ayrılıb. Səfirlik rus dilinin Azərbaycanda mövqeyinin möhkəmlədirilməsi üçün mövcud əlverişli şərtlərdən istifadə olunması və bu məqsədlə yeni imkanlar axtarmaq üçün aktiv fəaliyyət göstərəcək. Biz bu sahədə maraqlı olan insanların dəstəyinə ümid edirik.
Rusiyada Azərbaycana çox böyük və təbii maraq var. Biz istəyirik ki, bizim cənub qonşumuz üçün hər şey yaxşı olsun. Bu, bizim üçün də hər şeyin qaydasında olması deməkdir. Buna görə də mən bütün Azərbaycana səmimi qəlbdən müvəffəqiyyət, sabitlik və inkişaf arzulayıram.
Ülkər NƏBİYEVA
www.525.az