Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vladimir Doroxinin RİA Novosti agentliyinin Bakıdakı müxbiri Gəray Dadaşova müsahibəsi:
- Ötən təqvim ilini Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi nöqteyi-nəzərindən necə qiymətləndirirsiniz: ötən il sabit-«adi» il idi, yoxsa, irəliyə doğru ciddi addımlar, bunlar olmasa belə, bəlkə, ikitərəfli münasibətlərin əsasını möhkəmlədən nəzərəçarpacaq uğurlar var idi? Sizin fikrinizcə, ötən il Rusiya-Azərbaycan münasibətlərindəki hansı hadisələr iki ölkə arasında münasibətlərin inkişaf istiqamətini daha dəqiq nümayiş etdirir?
- 2009-cu il Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini nümayiş etdirdi. Bu əməkdaşlığın əsasını etimad, iki ölkənin suverenliyinə heç bir xələl gətirmədən qarşılıqlı maraqlara hörmət təşkil edir. Müasir, mürəkkəb dünyada qonşular arasında münasibətlər çox böyük dəyər kəsb edir. Bu ən vacib məsələdir.
Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə çoxlu əhəmiyyətli hadisələr baş verib. Prezidentlər 7 dəfə görüşüblər. Bu faktın özü artıq çox şeydən xəbər verir. Mədəniyyət sahəsində tədbirlər, biznes-layihələr, necə deyərlər, göz qabağında olub. Bu barədə Sizin agentlik də yazıb. Lakin bu hadisələrin heç biri haqqında «irəliyə addım» və ya «sensasiya» sözünü işlətmək istəməzdim. Xoşbəxtlikdən, bu cür münasibətlər artıq bir normaya çevrilib.
- Keçən il dünya maliyyə böhranı ilə əlaqədar olan çağırışlar ili oldu. Bu proseslər Rusiya-Azərbaycan əlaqələrindən də yan ötməyib. Sizin fikrinizcə, böhranın Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrə neqativ təsirini yumşaltmaq üçün tərəflər hansı addımlar atıb? Hansı məsələlər həllini tapıb, hansılarla bağlı tərəflər ortaq məxrəcə gələ bilməyiblər?
- Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrdə dünya iqtisadi böhranı üzündən hansısa çarəsiz proses baş verməyib. Bəli, ticarətin səviyyəsi aşağı düşüb, lakin az miqdarda - 10-15 faiz. Bundan əlavə, iri investisiya layihələri həyata keçirilib: Rusiyanın «Baltika» şirkəti və «VTB» bankının Bakıda nümayəndəliyi açılıb. 2010-cu ilin yanvarın 1-dən Azərbaycan qazının Rusiyaya nəqli barədə razılıq isə, ümumiyyətlə bizim münasibətlərdə yeni bir səhifədir. Əməkdaşlığa maraq davam edir və heç bir böhran bu marağı heçə endirə bilməz. Çətinlikləri də həddən artıq şişirtmək olmaz. Biznes layihələrini həyata keçirmək elə Avropada da, Amerikada da, Asiyada da asan deyil…
- Rəsmi Bakının post-sovet məkanında iqtisadi inteqrasiya proseslərinə hazırlığı ilə bağlı fikrinizi bilmək istərdik. Azərbaycanın MDB ölkələri ilə əmtəə dövriyyəsinin ildən-ilə azalması aşkardır, GUAM çərçivəsində iqtisadi əməkdaşlıq daha çox deklorativ xarakter daşıyır, Avrasiya İqtisadi Birliyi çərçivəsində də əməkdaşlıq dumanlı görünür.
- Rusiya özünün magistral inkişafının gələcəyini birmənalı olaraq MDB ilə bağlayır. Burada son vaxtlar keyfiyyətcə yeni proses başlanıb. Bu, Gömrük İttifaqının yaradılması və onun gələcəkdə vahid iqtisadi zonaya çevrilməsidir. Eyni zamanda biz MDB-yə baxışımızı heç kimə zorla qəbul etdirmirik. Hər bir ölkə öz mövqeyini öz maraqlarından çıxış edərək müəyyən edir.
- NATO-ya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük Azərbaycan üçün həll olunmayan bir dilemmadır. Sizin fikrinizcə, ölkənin bu iki qurumun birindən və ya digərindən, və ya hər ikisindən uzaq düşməsi, və yaxud, bu qurumlardan birinə üzv olmasının müsbət və mənfi tərəfləri hansılardır? KTMT-yə üzvlük Azərbaycana nə fayda verə bilərdi?
- KTMT-yə üzvlük quruma daxil olan ölkələrə hərbi-siyasi yardımın göstərilməsi və bu yardımdan istifadə etmək, aktual məsələlər üzrə məsləhətlər almaq imkanı yaradır, hərbi-texniki əməkdaşlıqda imtiyazlar verir. Digər tərəfdən, bu təşkilata üzvlük digər üzvlər qarşısında və ümumilikdə təşkilat qarşısında müəyyən öhdəliklər deməkdir. Hər bir ölkə özü üçün nəyin daha vacib olduğunu özü müəyyən edir.
- Azərbaycan ictimaiyyətinin əksər hissəsinin fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində həlledici rol oynaya bilərdi və buna qadirdir. Sizcə bu fikrin bu cür davamlı kök salmasının səbəbi nədədir?
- Biz Rusiya olaraq hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında nizamlanması üçün nə edə bilərdiksə, edirik. Prezident D.A.Medvedev vasitəçilik səylərində iştirak edən yeganə prezidentdir. Rusiyanın bundan daha çox şeylər edə biləcəyi barədə fikirlər yəqin ki, Azərbaycan ictimaiyyətinin nəticələri mümkün qədər tezliklə görmək istəyindən irəli gəlir. Bu, təbii və başa düşüləndir. Bu fikir bizi münaqişənin nizamlanması istiqamətində işi davam etdirməyə stimullaşdırır.
- Belə bir fikir də söylənir ki, son illər ölkənin ali hakimiyyəti daxili siyasi məsələlərin həllində getdikcə daha aşkar surətdə Rusiya ilə sıx əməkdaşlığa meyllənir və beləliklə Qərblə münasibətlərin qurulmasında çevikliyi və manevr etmə imkanlarını itirir. Siz bu fikirlərlə razısınızmı?
- Mən artıq bir ilə yaxındır ki, Azərbaycandayam və bu dövr ərzində Bakının Moskva ilə münasibətlərində nə qabarmanın, nə də çəkilmənin şahidi olmamışam. Bizim münasibətlərimizdə hər şey hamardır və proqnoz verilə biləndir. Azərbaycanla münasibətlər bizim üçüncü ölkələrlə münasibətlərimizə çətinlik törətmir. Düşünürəm ki, Azərbaycanda da Rusiya ilə münasibətlər barədə eynilə bu sözləri deyə bilərlər.
- Belə bir fikir kifayət qədər yayılıb ki, Rusiyanın Azərbaycandakı səfirliyi bir sıra ölkələrin diplomatik missiyalarından fərqli olaraq, o qədər də fəal deyil və hətta ölkədə insan haqları və demokratiyanın qurulması, müxalifətlərlə əlaqələrdə hakimiyyətlə eyn mövqedən çıxış edir. Bu fikirlərə uyğun olaraq, Azərbaycanda vəziyyətin müəyyən ssenari üzrə inkişaf edəcəyi təqdirdə Rusiya uduzmuş vəziyyətdə də qala bilər. Siz bu fikirlərlə razısınızmı?
- Rusiyanın Səfirliyi həqiqətən də Azərbaycanın daxili siyasəti ilə bağlı məsələlərdə açıq fikirlər bildirmir. Biz burada heç bir siyasi kombinasiya qurmuruq. Bu, bizim prinsipial mövqeyimizdir. SSRİ-nin bütün dünyanın sosializm qurmalı olduğunu və bunu Moskvanın lekalları ilə etməli olduğunu hesab etdiyi dövrlər keçmişdə qalıb. Rusiya hesab edir ki, başqalarını necə yaşamağı öyrətməyə haqqı olmadığını düşünür. Başqa bir məqam da var, mən deyərdim, peşəkar bir məqam. Bu və ya digər ölkədə insan haqları və demokratiyanın vəziyyətindən obyektiv baş çıxarmaq üçün çoxsaylı mütəxəssislərin və müxtəlif profilli ekspertlərin iri miqyaslı iş aparması zəruridir. Təqribən qırx illik diplomatik fəaliyyətim nəticəsində topladığım təcrübəyə əsaslanaraq deyə bilərəm ki, dünyanın heç bir ölkəsində, heç bir səfirlik bu cür imkanlara malik deyil.