Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    V.Doroxin: "Rusiya Qarabağ məsələsi ilə çox ciddi məşğul olur"
    Çap versiyası | Baxılıb 470

    doroxinRusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin ANS-in "Əhatə Dairəsi" verilişinə verdiyi müsahibəni olduğu kimi təqdim edirik.

    - Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi fəaliyyət göstərir. Bu günlərdə Türkiyənin baş naziri Moskvada, Rusiyanın xarici işlər naziri isə Ermənistanda səfərdə olub. Bu görüşlərin hər birində Qarabağ münaqişəsinin nizamlanması məsələsi prioritet təşkil edib. Necə düşünürsüz, bu il münaqişəni həll etmək mümkün olacaqmı?

    - Əvvəlcə deyim ki, səfir üçün ən çətin iş proqnoz verməkdir. Yalnız onu deyə bilərəm ki, Rusiya bu məsələ ilə çox ciddi məşğul olur. Bəlkə də, Dmitri Medvedev yeganə prezidentdir ki, bu məsələ ilə birbaşa məşğul olur. O, özü məsələni detallı bilir. Bəzən hansısa təkliflərlə də çıxış edir. Bu, çox vacibdir. Siz iki görüşü xatırlatdınız. Amma mən demək istəyirəm ki, sabah (18.01.2010) daha bir səfər, yəni Ermənistan prezidentinin Rusiyaya səfəri olacaq. Bütün bu görüşlərdə Dağlıq Qarabağ məsələsi bəzən birinci, bəzən isə birinci olmayan yerdə durur. Buna görə də mən yalnız onu deyə bilərəm ki, biz həqiqətən münaqişənin həll olunmasında maraqlıyıq ki, bu problem ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll olsun. Biz indiyə qədər bu istiqamətdə aktiv çalışmışıq. Bundan sonra da mövqeləri yaxınlaşdırmağa çalışacağıq.

    - Vladimir Putin Ərdoğanla görüşdən sonra dedi ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ayrı, Dağlıq Qarabağ münaqişəsinin həll olunması isə ayrı prosesdir. Rəsmi Moskvanın mövqeyini necə izah etmək olar?

    - Biz hesab edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normalaşmasıyla bağlı proses Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələni dayandırmamalıdır. Ona görə də bu planda iki məsələ biri-biriylə bağlı deyil. Mən yenə də hesab edirəm ki, indiki mərhələdə biz hansısa sözlərin formalaşdırlımasıyla məşğul olmamalıyıq və deməməliyik ki, bu, biri-biriylə bağlıdır ya yox. Əsas məsələ odur ki, bu istiqamətdə irəliləyiş olsun. Hesab edirəm ki, Azərbaycan üçün də prioritet Dağlıq Qarabağ məsələsinin həllidir. Bir daha təkrar edirəm ki, biz, yəni Rusiya bu məsələdə əlindən gələni edəcək.

    - Necə hesab edirsiniz, bu halda rəsmi Moskvanın mövqeyi Rusiya ilə Azərbaycanın əlaqələrinə hansısa formada təsir edə bilərmi? Çünki Bakıda Ankarada olduğu kimi bu məsələləri əlaqələndirirlər.

    - Mən onu deyə bilərəm ki, Qarabağ münaqişəsinin həllində bütün addımları tamamilə Azərbaycanla razılaşdıraraq atırıq. Bu istiqamətdə həmişə bizim Azərbaycanla məsləhətləşmələrimiz olur. Ona görə də biz bir-birimizin mövqeyini çox yaxşı bilirik. İndiyə qədər bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında olan mövqeyimiz Azərbaycanla heç bir bir problem yaratmayıb.

    Azərbaycan bizim mövqeyimizin məntiqindən xəbərdardır. Mənə elə gəlir ki, bu, bizə həm Azərbaycanla xoş münasibətləri saxlamağa imkan verəcək, digər tərəfdən isə bizim Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik missiyasını davam etdirməyə şərait yaradacaq.

    - Ötən il də Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, əgər münaqişə sülh yolu ilə həll olunmasa, onda Azərbaycan digər varianta-məsələnin müharibə yolu ilə olunmasına əl atacaq. Ermənistan isə belə bəyanatdan dərhal sonra açıqlama verib ki, əgər müharibə başlasa, onda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ) bu prosesə mütləq müdaxilə edəcək. Bu qurumun flaqmanı kimi necə hesab edirsiz, bu bəyanatın hansısa hüquqi əsası varmı?

    - Rusiya münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. İnanırıq ki, bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olacaq. Biz əminik ki, Azərbaycan hökuməti də sülh yolunu seçir. Azərbaycan rəhbərliyi bunu dəfələrlə bəyan edib. O ki qaldı KTMT-nin müdaxiləsinə, bunların hamısı fərziyyədir. Mən hətta bir nəzəriyyəni oxumuşam. Münaqişənin həlli hərb yol ulə gündəmə gəldikdə, KTMT-nin Ermənistanı müdafiə etmək üçün mandatı varmı? Gəlin buna toxunmayaq. Əsas odur ki, bütün səyləri münaqişənin sülh yolu ilə həllinə yönəltmək lazımdır. Hesab edirik ki, düzgün həll bunun sülh yolu ilə həlli deməkdir.

    - Artıq 15 gündür ki, Rusiya Azərbaycan qazını alır. Bu günlərdə qaz xəttinin keçdiyi ərazidə terror aktları baş verdi. Necə düşünürsünüz gələcəkdə də bu istiqamətdə hansısa problemlər olacaqmı?

    - Doğrudan da qaz verilməyə başlayanda, hər şey qaydasında görünürdü. Belə faktlar böyük narahatlıq doğurur. Qaz boruları ciddi obyekt olduğu üçün onlara nəzarət də xüsusidir. Dağıstan ərazisində xüsusi elektron nəzarət mövcuddur və Rusiya tərəfi oradakı təhlükəsizliyi qorumaqdan ötrü əlindən gələni edir.

    - 2009-cu ilin sonunda belə hadisələr təkcə qaz borularında deyil, neft kəmərlərində, eləcə də dəmiryolu xəttində də törədildi. Hədəf bu obyektlər seçilir. Xarici qüvvələrin rolu isə burada həmişə xüsusi vurğulanır.

    - Əlbəttə ki, bütün bunlar Şimali Qafqazda çox da asan olmayan ab-hava ilə əlaqədardır. Eləcə də Azərbaycan üçün ən yaxın olan Dağıstanda. Nə vaxtsa bu ölkələr çiçəklənən idi. Sonra SSSR-nin dağılması, Çeçen müharibəsi... Təəssüf ki, orada istehsal aşağı düşdü. Kəskin sosial problemlər yarandı, işsizlik artdı və təbii ki, bu da bir qrup dar siyasi maraqları olan insanlara vəziyyəti qarışdırmaq üçün zəmin yaratdı. Təəssüf ki, bu, Dağıstanda baş verir. Xüsusilə indi Dağıstanda seçkilər yaxınlaşır. Hətta burada seçkilər yox, ölkənin başında kimin duracağı məsələsi həll olunur. Burada ayrı-ayrı qruplar arasında mübarizə gedir. Amma neft, qaz kəmərlərinin, dəmiryolu xətlərinin, təyyarələrin hədəf seçilməsi terrorçuların sınanmış taktikasıdır ki, mümkün qədər çox insanın diqqətini cəlb etsin. Əgər onlar partlayıcını hansısa zibil yeşiyinə yerləşdirsələr, əlbəttə ki, bu, diqqət cəlb etməyəcək. Amma vacib obyektlərdən hamı danışır, hamı yazır. Burada çox şey bizim ölkədəki daxili vəziyyətlə əlaqəlidir. Təəssüf ki, indi terroru törədənlərin arasında yerli əhali və işsiz gənclərə də rast gəlmək mümkündür. Amma mən bütün məsuliyyətimlə demək istəyirəm ki, bu hadisələrə üçüncü ölkədən olan insanlar cəlb olunur. Bu hadisələr külli miqdarda pullar müqabilində törədilir.

    Yeri gəlmişkən, mən demək istəyirəm ki, Azərbaycanla bu sahədə çox intensiv və konstruktiv əməkdaşlıq aparırıq. Buna görə də biz Azərbaycan hökumətinə minnətdarıq. Baş verənlər bizə onu deməyə əsas verir ki, bu hadisələrdə üçüncü ölkənin əli var. Kimlərəsə Qafqazı münaqişəli, problemləri olan bölgə kimi saxlamaq sərf edir. Bu, həm də Rusiyanı təngə gətirməyin bir növüdür.

    - Təbii ki, belə halların qarşısını almaqdan ötrü hansısa işlər görülür.

    - Hər şeydən əvvəl burada iki istiqamət var. Bir tərəfdən insanların həyat səviyyəsini yaxşılaşdırmaq lazımdır ki, insanlar işləsinlər. Öz işləri ilə məşğul olsunlar ki, haradan pul çıxarmaq barədə fikirləşməsinlər. Bu planda kömək haqqında federal proqram var. Şimali Qafqaz respublikalarının rəhbərləri sosial şəraitin yaxşılaşdırılması istiqamətində işlər görür. Digər tərəfdən hüquq-mühafizə orqanları daha yüksəkdə durmalıdır, işlərini lazımi qaydada görməlidir.

    Dağıstanda baş verənlər isə prezidentə bir daha siqnal oldu ki, hüquq-mühafizə orqanlarının işinin yaxşılaşdırılması üçün yeni işlər görsün.

    - Ümumiyyətlə, Rusiyada Azərbaycandan alınan qazın həcminin artırılması planlaşdırılırmı? Sizdə bu haqda məlumat varmı?

    - Ötən ilin yayında imzalanan müqavilədə Azərbaycandan başlanğıc olaraq 0.5 milyard kubmetr qaz alınması nəzərdə tutulub. Sənəddə deyilir ki, Azərbaycan Rusiya tərəfini xəbərdar etməklə bu həcmi artırmaq hüququna malikdir. Orada heç bir hədd göstərilməyib. Ona görə də suala cavab olaraq demək istəyirəm ki, Azərbaycanın buna hüququ çatır. Qazın həcminin artırılması üçün Azərbaycanda bu qazın çox olmasını təmin etmək lazımdır. İkincisi, Rusiyada bu qazın haqqını ödəməyə pulu olmalıdır. Üçüncüsü isə bunun üçün texniki əsas olmalıdır. Biz hələ 0.5 milyard kubmetrdən başlamışıq. Bu istiqamətdə perspektiv var.

    - Ümumiyyətlə, Siz ötən 2009-cu ili Rusiya-Azərbaycan iqtisadi əlaqələri baxımından necə qiymətləndirirsiz?

    - Mən hesab edirəm ki, il ziddiyyətli olub. Bizim ölkələr arasında mal dövriyyəsi 2008-ci ildə rekord həddə olub - 2.4 milyard dollar. Biz bununla qürur duyuruq. Amma bu il enmə müşahidə olunub. Biz özümüzü onunla sakitləşdirə bilərik ki, digər ölkələrlə də Azərbaycan və Rusiyanın ticarət dövriyyəsində enmə daha çox olub. MDB üzrə enmə təxminən 50, Azərbaycanla isə 20 faizdir. Nəzərə alsaq ki, Rusiya Azərbaycan üçün böyük tərəfdaşdır, bu, təsəllinin az bir hissəsidir. Amma bizdə sevindirici məqamlar da var. Biz ötən il çox böyük investisiya layihələri reallaşdırmışıq. Rusiya biznesmenləri Xırdalanda 20 milyon dollarlıq pivə fabriki alıblar. Dünyanın heç bir ölkəsi Azərbaycanın qeyri-neft sektoruna bu qədər pul yatırmayıb və Rusiya biznesmenləri də heç vaxt nə Azərbaycana, nə də digər MDB ölkələrinə bu qədər pul qoymayıb. İlin sonunda isə Rusiya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə olaraq maliyyə institutu yaradılıb. Bu VTB bankdır. Çox yaxşı işləyirlər. Onlara etimad böyükdür və bu çox şeyi həll edir. Hesab edirik ki, mal dövriyyəsi bu il daha çox olacaq. Böhran heç cür biznes layihələrini məhv etmir. Odur ki, biz ən yaxşısına ümid edirik.

    - Rəsmi Vaşinqton son bəyanatlarında Qəbələ RLS-lə bağlı Rusiya ilə bigə işləmək barədə bir daha öz istəklərini bəyan edib. İndi danışıqlar necə inkişaf edir?

    - Düzünü desəm, mən elə bir məlumatlar görməmişəm ki, onlar mənə bu haqda rəsmi Vaşinqtonun istəyinin olduğu barədə əsas versin. Orada hansısa məsləhət xarakterli sənədlər olub. Bu hələ rəsmi Vaşinqtonun mövqeyi demək deyil. Amma məsələ bunda deyil. Bir müddət əvvəl Moskva Qəbələ RLS-in sahibi və mülkiyyətçisi olan Azərbaycana birgə istifadə haqqında təklif verib. Hansısa ciddi müzakirələr nə onda, nə də indi baş tutmayıb. Amma Amerika tərəfinin hansısa təklifi olsa, onda biz yenə də rəsmi Bakı ilə nəyi necə edəcəyimizi məsləhətləşməliyik.

    - Yaxın vaxtlara qədər Rusiya İrana qarşı hansısa sanksiyaların tətbiq edilməsinin əleyhinə idi. İndi isə Rusiya daha yumşaq mövqedən çıxış edir. İstiqamətin dəyişməsi nə ilə bağlıdır?

    - İran MAQATE-yə könüllü daxil olub və qurum qarşısında müəyyən öhdəlik götürüb. Təəssüf ki, son vaxtlar hansısa səbəblərdən İran bu öhdəliklərin bir qismini yerinə yetirmək istəmir. Bu da müəyyən problemlər yaradır. Ona görə də, biz indi bütün beyənlxalq qurumlar kimi öhdəliklərin yerinə yetirilməsini tələb edirik. İstəyirik aydınlaşsın ki, İranın nüvə proqramı dinc məqsədlidir, ya yox? Fakt faktlığında qalır. Biz İranın dostuyuq. Ona nəyin daha yaxşı olması barədə ip ucu veririk. Xəbərdarlıq, ikinci xəbərdarlıq, daha sonra isə sanksiyalar tətbiq oluna bilər. Təbii ki, əgər hər şey istənilən kimi getməsə və İran öhdəliklərini yerinə yetirməsə, onda biz əlbəttə ki, sanksiya məsələsinə gələcəyik. Bu bizim üçün çətin məqamdır. Çünki biz İranın dostuyuq. Hesab edirəm ki, bizim kimi digər ölkələrə də qərar vermək çətin olacaq. Mən demək istəmirəm ki, bu bir il və ya iki ilə baş verəcək. Amma bu məntiq baş tutacaq. Amma biz İranı beynəlxalq qurumun öhdəliklərini yerinə yetirməyə, əməl etməsini təmin etmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik ki, digər üçüncü ölkələrdə bununla bağlı heç bir narahatçılıq olmasın və İran öz nüvə proqramını lazımi qaydada həyata keçirsin.

    - Bir müddət əvvəl Azərbaycan gəmilərinin Rusiya sularında üzməsi ilə bağlı kvotanın azaldılması məsələsi gündəmə gəlmişdi. İndi bu mövzu ilə bağlı gündəmdə hansısa müzakirələr varmı?

    - Təəssüflə deməliyəm ki, bütün Avropa boyunca daxili sularda hərəkətdə sərbəstlik mövcuddur. Məsələn, fransız gəmiləri alman sularında ola bilər. Hollandiya gəmiləri Böyük Britaniya sularında ola bilər. Rusiyada bu, yoxdur. Bizdə mütləq icazə almaq lazımdır. Bu heç kvota da deyil. Burada sadəcə icazə nəzərdə tutulur. Biz o prinsipi bəyan etmişik ki, biz də daxili sularımızı hər kəs üçün, Avropa, Asiya, eləcə də digər ölkələr üçün açacağıq. Amma bu proses gedir. Burada iqtisadi maraqlar da var. Bizdə təhlükəsizlik məsələləri də bir o qədər yüksək səviyyədə deyil. Amma indi həlledici bir qayda var. Özü də qərarı bizim hökümət qəbul etməlidir. Yəni, bu kifayət qədər ciddi bir mərhələdir. İndiki qaydaya görə, bizə 2010-ci ildə nə vaxt, hansı kanallar boyu, hansı gəmilərin keçməsinə icazə barədə bildiriş verilməlidir. Amma burada heç bir kvota yoxdur. Bəzən təəssüf ki, bu bildirişlər gecikir. Mən başa düşürəm ki, gəmi sahibinə il ərzində belə məlumatlar yazmaq asan deyil. İndi bizdə tədbirlər görülür. Əvvəlcə biz yavaş -yavaş sularımızı açacağıq. Ana xətt budur. İkincisi, yol icazələrin verilməsi prosedurunun sadələşdirilməsidir. Ola bilsin ki, bunu bir il üçün yox, daha artıq müddətə həyata keçirmək mümkün oldu.

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100