Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin APA-ya müsahibəsi.
- Səkkiz ayın nəticələri əsasında 2009-cu ildə Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, humanitar sahədə əlaqələrin vəziyyətini necə qiymətləndirirsiniz?
- Nəticələr yaxşıdır. Münasibətlər intensiv inkişaf edir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq və bu, praktikada öz təsdiqini tapıb. Ötən dövr ərzində prezidentlərimiz dörd dəfə görüşüblər, siyasi dialoq yüksək dinamikası ilə seçilib. Bu il Moskva və Kazanda Azərbaycanın Mədəniyyət Günləri keçirilib, indi payızda Azərbaycanda keçiriləcək Rusiya Mədəniyyət Günlərinə hazırlıq görürük.
- Dünyada baş verən maliyyə böhranı ölkələr arasındakı iqtisadi əlaqələrə təsir edibmi və ilin sonuna kimi ticarət dövriyyəsi nəzərdə tutulan həcmə çatacaqmı?
- Böhran mənfi təsirini göstərib. Rusiya-Azərbaycan ticarət əlaqələrində azalma müşahidə olunur. Bu azalmanın səviyyəsi Rusiyanın digər MDB ölkələri ilə ticarətindəki azalmalarla müqayisədə azdır, amma azalma elə azalmadır. Bizim hesablamalarımıza görə, 8 ay ərzində ticarət dövriyyəsinin həcmi 20 faiz, Azərbaycanın hesablamalarına görə isə 12 faiz azalıb. 2,4 milyard dollar olan keçənilki göstəriciyə çox güman ki, çata bilməyəcəyik. Güman edirik ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edəcək.
- Rusiya prezidenti Dmitri Medvedevin iyun ayında Azərbaycana səfəri zamanı imzalanmış sənədlər necə həyata keçirilir? Biz xüsusən Samur çayının suyunun bölünməsi, sərhədlərin delimitasiyası, Azərbaycan qazının alqı-satqısı və diplomatik nümayəndəliklərin yerləşməsi barədə sənədləri nəzərdə tuturuq.
- Bütün bu məsələlər üzrə Bakıda prinsipial razılıq əldə olunub. Delimitasiya məsələsində sərhədin haradan keçməsinə dair prinsipial razılıq var. Mən hər zaman təkrarlayıram ki, bu prinsipial razılıq Samur çayının suyunun bölünməsi məsələsində Azərbaycanın konstruktiv mövqeyi nəticəsində əldə olunub. Azərbaycan çayın birgə istifadəsinə dair müdrik təklif irəli sürüb və bu, sərhəd məsələsində kompromisə yol açır. Hazırda danışıqları aparmaq üçün nümayəndə heyətlərinə mandat vermək üzərində iş aparılır. Məqsəd ilin sonuna kimi lazımi sənədləri hazırlamaqdır. İstənilən halda 4-cü rübdə tərəflər prezidentlərə işlərin hansı mərhələ olması barədə məruzə etməlidir.
Qaza gəldikdə isə, bu barədə “Qazprom”la ARDNŞ danışıqlar aparır. Bu, siyasi yox, iqtisadi məsələdir. ARDNŞ rəhbərliyinin sözlərinə görə, yaxın vaxtlarda müqavilə imzalanacaq.
Diplomatik nümayəndəliklərin yerləşməsi ilə bağlı ekspertlərin görüşünün keçirilmək barədə razılıq əldə olunub. Ümidvaram ki, yaxın vaxtlarda sənədlərin layihələri masa üzərində olacaq.
- Xəzəryanı ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması hansı mərhələdədir və bu ideyanı hansı Xəzəryanı ölkələr dəstəkləyib?
– Təşkilatın yaradılması ilkin mərhələdədir, hətta ideya mərhələsindədir. Bu təşəbbüsü Rusiya, Qazaxıstan, İran dəstəkləyir, Azərbaycan da öz dəstəyini bildirib, qalıb Türkmənistan. Hesab edirəm ki, bu ideya özünə yol açacaq, çünki iqtisadi əməkdaşlıq milyonlarla insanın maraqlarına toxunur. Bu, yeni iş yerləri, pul, gəlir deməkdir. Belə bir fikir var ki, Xəzərin hüquqi statusu müəyyənləşmədən təşkilat yaratmaq tezdir. Bu mövqeyə etiraz etmək çətindir, amma digər tərəfdən, başqa cür də düşünmək olar: təşkilat yaranarsa və əməkdaşlığın praktik nəticələri olarsa, bu, statusun müəyyənləşməsinə stimul verə bilər.
- Keçmiş SSRİ-nin 4 Xəzəryanı ölkəsi statusla bağlı vahid konsepsiya ilə çıxış edə bilərlərmi? İranın Aktauda keçirilən Xəzəryanı ölkələrin qeyri-formal sammitinə dəvət edilməməsinin səbəbi nə olub?
- Bu, Xəzəryanı ölkələrin sammiti yox, 4 ölkə prezidentinin gündəm olmadan qeyri-formal görüşü idi. Güman etmək olar ki, orada Xəzərlə bağlı məsələlər də müzakirə edilib. Amma Xəzərin statusuna dair heç bir məsələyə baxılmayıb. Hamı hesab edir ki, 5 Xəzəryanı ölkə var və qərarı da bu “beşlik” verməlidir. İran tərəfində müəyyən suallar yaranmışdı. Mənə elə gəlir ki, Aktau görüşünün iştirakçıları bu suallara yetərincə cavab veriblər. Danışıqlar “beşlik” formatında aparılır, hesab edirəm ki, bu formatda da davam edəcək. Hələlik heç kim əvvəlcə 4 tərəfin razılığa gəlib vahid cəbhə ilə çıxış etməsini təklif etməyib. İş beş ölkə arasında aparılır və bu, hamını qane edir.
- ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun əvəzlənəcəyi barədə xəbərlər doğrudurmu? Qriqori Karasinin bu vəzifəyə təyin olunacağı barədə söz-söhbət var.
- Merzlyakov ilin sonuna kimi yeni təyinat almalıdır. Karasinlə bağlı məlumatlar artıq rəsmən təkzib olunub. Rusiya yeni həmsədr təyin edəndə onun adını açıqlayacaq. Söylənən versiyalar spekulyasiyadır.
- Dağlıq Qarabağ münaqişəsinin tərəfləri də, beynəlxalq vasitəçilər də danışıqların yekun mərhələdə olduğunu bildirirlər. Prezidentlərin Kişinyov görüşündən nəticə gözləmək olarmı?
- Münaqişə tərəfləri adından heç nə deyə bilmərəm. Vasitəçi ölkənin nümayəndəsi kimi bildirmək istərdim ki, Rusiya gurultulu bəyanatlar və proqnozlar verməyi sevmir. Hesab edirəm ki, vasitəçilər özlərinin nə qədər sakit aparsalar, o qədər faydalı olar. Kişinyov görüşünə gəldikdə, biz orada müsbət nəticənin əldə olunması üçün hər şey edəcəyik.
- Azərbaycan tərəfi münaqişə zonasında yerləşdiriləcək sülhməramlıların tərkibində qonşu ölkələrin silahlı qüvvələrinin iştirakını istəmir. Buna Rusiyanın münasibəti necədir?
- Mən Azərbaycan mətbuatında belə bəyanatları və buna dair politoloqların fikirlərini oxumuşam. Rusiya bu məsələdə Azərbaycan XİN-in rəsmi nümayəndəsinin bəyanatına əsaslanır. O bildirib ki, sülhməramlıların olub-olmayacağı, hansı mandata və səlahiyyətlərə malik olacağı mürəkkəb məsələdir, uzaq perspektivin məsələsidir və bu gün müzakirə olunmur.
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?
- Rusiya regionda sülh və sabitliyə xidmət etmək, yeni gərginlik yaratmamaq kontekstində Türkiyə-Ermənistan münasibətlərini dəstəkləyir.
- Bəzi politoloqlar hesab edir ki, Türkiyə ilə Ermənistanın imzalayacağı protokollar 1921-ci ildə qəbul olunmuş Qars müqaviləsini qüvvədən salacaq. Hüquqi cəhətdən bu mümkündürmü?
- Bu sual məni sevmədiyim məsələyə – şərhlərə, alimlərin, politoloqların, ekspertlərin ehtimallarına münasibət bildirməyə məcbur edir. Onlar yüksək fantaziyaya malikdirlər və bundan pul qazanırlar. Bir şey deyə bilərəm: Rusiya Qars müqaviləsini tanıyıb və tanıyır. Bu müqavilə beynəlxalq hüququn fəaliyyətdə olan sənədidir və biz ondan imtina etməyə hazırlaşmırıq
- Xaçmazın Uryanoba və Xraxoba kəndlərində yaşayan Rusiya vətəndaşlarının Azərbaycan vətəndaşlığına qəbul olunacağı doğrudurmu? Həmin kəndlərdə neçə ev var və onların əhalisi nə qədərdir?
- Bu mövzuya Azərbaycan mətbuatında böyük maraq var. Elə şeylər yazılır ki, onları insinuasiya adlandırmaq olar. Kəndin birində 5, digərində 60 ev var, orada cəmi 300 nəfər yaşayır. Azərbaycan ərazisində Rusiya pasportu ilə yaşayan bu insanların statusu hələ müəyyənləşməyib. Biz Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi dözümü yüksək qiymətləndiririk. Bu insanlara öz statuslarını müəyyən etmək üçün zaman verilib. Səfirliyin nümayəndələri bu yaxınlarda həmin kəndlərdə olublar. Mən bu məsələ ilə bağlı Dağıstanın baş naziri ilə danışmışam. Sakit, qeyri-siyasi məcrada bu insanlara kömək etmək istəyi var.
- Yarım ildir ki Azərbaycanda çalışırsınız. Ölkə haqqında nə deyə bilərsiniz?
- Rusiyada Azərbaycanı az tanıyırlar. Ötən 6 ay ərzində mən dərk etdim ki, biz ölkənizi pis tanıyırıq, bəlkə də lazımi qədər dəyərləndirmirik. Bu, bizim üçün yaxşı deyil. Rusiya yaxın qonşu və tərəfdaşını adekvat qiymətləndirməlidir.
18 Sentyabr 2009, Bakı. Laçın Sultanova - APA.