- Vladimir Dmitriyeviç, tezliklə Sizin Azərbaycanda Səfir təyin olunmağınızın bir ili tamam olur. Necə deyərdiniz, yaxşı ki, bu il keçdi, yoxsa, təəssüf ki, il artıq keçdi?
- Yəqin ki, birinci ifadəni. Bu, mənim Bakıda fəaliyyətimin başlanğıcı idi. Axı, bu, yeni iş yeri, böyük məsuliyyət idi. Səhvə yol vermək olmazdı. Sırf subyektiv olaraq istəyirdim ki, hər şey mümkün qədər tezliklə arxada qalsın. Bundan sonra asan olacaq. Ümumilikdə isə, yəqin ki, tezliklə mənə Azərbaycanda ayrılmış müddətin sona çatmasına təəssüflənəcəyəm.
- Xalq arasında toydan sonra keçən ilk ili kağız, sənəd ili adlandırırlar. Sizin üçün bu ilin kağız, sənəd ili olduğunu demək olarmı? Yazı-pozu çox idi? Yoxsa, Sizin işinizdə kağız işi həmişə çox olur?
- Sənədlərin hazırlanması istənilən diplomatik xidmətin vacib tərkib hissələrindən biridir. İnsanın savadlı şəkildə «yazmağı» bacarıb-bacarmaması, yəni müvafiq sənədləri tərtib etmək bacarığının olub-olmaması Rusiya diplomatik xidmətində əsas meyarlardan biridir. Səfirliyin də yazı işi çox olur. Moskvada Bakıya maraq böyükdür. Bizim üçün Azərbaycanın dünya, Qafqaz, Xəzər və bir çox digər məsələlərlə bağlı nə düşündüyünü bilmək vacibdir. Bizdən dəqiq məlumat və qiymətləndirmə gözləyirlər. Bu, işin çox vacib və məsuliyyətli tərəfidir.
- Müsahibələrinizdən birində Siz demisiniz ki, Səfir üçün proqnoz vermək çox çətindir. Bəs, Səfir üçün nəyi etmək asandır?
- Proqnoz verməmək. Bu bir zarafatdır… Proqnozlar da bizim işimizin bir hissəsidir. Diplomatiya hadisələrin inkişafının alternativ variantlarını, onların baş vermə ehtimalını, müsbət və mənfi tərəflərini hesablamalı, praktiki tövsiyələr verməlidir. Jurnalistlərlə söhbətdə ən çox sevmədiyim və yayınmağa çalışdığım məqam – «əgər belə olsaydı, onda necə olardı» kimi əsası olmayan və qəflətən söylənilən mühakimələrdir. Mən Sizin də fərziyyəyə əsaslanan suallarınıza cavab verməyəcəyəm.
- Sizin üçün, artıq bu vəzifədə ilk iri miqyaslı tədbir Rusiya günü münasibətilə təşkil olunmuş qəbul idi. Həmin gün Sizin yadınızda daha çox nə qaldı?
- Həyacanım. Axı, bu, doğrudan da mənim Bakıya gəldiyim vaxtdan ən əsas tədbir idi. Bu cür qəbullar dövlətlərarası münasibətlərin vəziyyəti üçün bir meyar olduğunu düşünmürəm. Çoxillik diplomatik xidmət təcrübəmdən bilirəm ki, qonaqların sayı və yemək-içməyin bolluğunda digər səfirliklərlə yarışa girmək axmaqlıqdır.
Mənim üçün bu, məcburi protokol tədbiridir və bu cür tədbirlərə protokol qaydasına uyğun olaraq iştirak etməli olan şəxslər gəlirlər. Amma qəbulu layiqincə keçirmək istəyirdim. Həm də ki, biz qəbulun keçirildiyi yeri dəyişmişdik: əvvəllər Səfirliyə dəvət edirdik, sonra isə kənarda zal kirayələmək qərarına gəldik. Hər şey yaxşı keçdi. Qəbuldan sonra hiss etdiyim rahatlıq da yaxşı yadımdadır.
- Siz Azərbaycanda işləmək üçün necə hazırlaşırdınız? Azərbaycan ənənələrinə dair hər hansı bir ədəbiyyat oxumuşdunuzmu? Hansısa filmlərə baxmışdınızmı? Azərbaycan dilində hansısa sözləri əzbərləməyə cəhd etmişdinizmi?
- Bununla bağlı Xaric İşlər Nazirliyində müəyyən təcrübə toplanıb və metodika işlənib hazırlanıb. Adətən səfir beş-altı ay səfərə hazırlaşır. Bu müddət ərzində səfir gedəcəyi ölkə haqqında mümkün olan hər şeyi oxumalı, bu ölkə ilə işə aidiyyətı olan şəxslərlə görüşməli, parlamentdə, hökumətdə, digər dövlət idarələrində müvafiq müsahibədən keçməlidir. Rusiya üçün daha vacib olan ölkələrə göndərilən səfirləri (Azərbaycan da onların sırasındadır) prezident qəbul edir. Mən bütün bu mərhələləri keçmişəm.
Hazırlıq dövründə bir məqam məni mənfi mənada heyrətləndirdi. Məlum oldu ki, Azərbaycanın müstəqil dövlət kimi mövcud olduğu demək olar ki 20 il ərzində Rusiyada bu ölkə haqqında elmi xarakterli cəmi bir kitab yazılıb. Bakıya gəldikdən sonra isə, mən bizim Sizin ölkəniz barədə nə qədər az bildiyimizi daha ciddi sürətdə hiss etməyə başladım. Bu, çox pis haldır və mən bunu təkrar etməkdən yorulmuram. Rusiya öz tərəfdaşlarını, xüsusilə də Azərbaycan kimi yaxın tərfdaşlarını yaxşı tanımalı və adekvat qiymətləndirməlidir.
- Düzünü deyin, bura gəlməmişdən öncə Azərbaycan Sizin üçün nə ilə assosiasiya edilirdi və Azərbaycan barədə nə bilirdiniz?
- Yəqin ki, belə demək olarsa, mən Azərbaycan barədə orta statistik rusiyalıdan çox bilirdim. Təkcə ona görə yox ki, bunun üçün xüsusi olaraq hazırlaşırdım, ona görə ki, bütün həyatım boyu siyasi məsələlərlə məşğul olmuşam. Sovet diplomatı kimi karyeraya başlayarkən mənim, təbii ki, SSRİ-nin tərikbinə daxil olan Azərbaycanın nə demək olduğu barədə təsəvvürüm var idi.
80-ci illərin sonlarında mənə Sov.İKP-nin Beynəlxalq Şöbəsində işləmək və Macarıstanla məşğul olmaq nəsib olub. Sovet-Macarıstan münasibətlərinə dair bəzi tədbirlərdə Siyasi Büronun üzvü, baş nazirin birinci müavini H.Ə.Əliyev iştirak edirdi. Əlbəttə ki, mən SSRi-nin süqutu ilə bağlı nələrin baş verdiyini izləyirdim. Bakıda «Qara yanvar»ın qurbanlarının dəfn edilməsi barədə «Vremya» (Zaman) xəbərlər proqramında göstərilən dəhşətli kadrlar yadımdadır. Azərbaycanda hadisələrin sonradan necə inkişaf etdiyi barədə, ümumi də olsa məlumatım var idi.
Azərbaycanın inkişafının nəticələrini isə əyani surətdə Bakıya gəldikdən sonra gördüm. Burada gördüklərim məni təəccübləndirdi və heyrətə saldı. Artıq burada olarkən mən orta statistik rusiyalıdan çox da fərqlənmirdim.
- Rusiya bir neçə ildir ki, Dağlıq Qarabağ münaqişəsini nizamlamağa çalışır. Əməli nəticələr hələ ki, yoxdur. Hər şey söz-söhbətdən, bəzi hallarda isə hansısa sənədlərin imzalanmasından irəli getmir. Necə düşünürsünüz, bu illər ərzində nəyi Rusiyanın böyük qələbəsi adlandırmaq olar?
- 15 il əvvəl atəşkəs barədə razılaşma əldə olunub. Bilmirəm, bunu qələbə adlandırmaqla razısınız, yoxsa yox, lakin biz sözsüz vacib olan hadisənin Rusiyanın demək olar ki, həlledici iştirakı ilə baş verməsindən qürur duyuruq. Mən Sizin «söz-söhbət və hansısa sənədlərin imzalanması» adlandırdığınız proseslərin əhəmiyyətini kiçiltməzdim. Dünyada ən mürəkkəb münaqişələr qisminə aid edilə biləcək bir münaqişəyə dair danışıqlar prosesi gedir. Rusiya həqiqətən bu münaqişənin qəbul olunmuş beynəlxalq hüquq normaları əsasında həll olunmasında maraqlıdır. Danışıqlar prosesinin mürəkkəbliyi bizim bir vasitəçi olaraq bu istiqamətdə səylərimizi zəiflətməyəcək.
- Son zamanlar getdikcə daha tez-tez Azərbaycanın səbrinin artıq tükəndiyi və istənilən an danışıqlar prosesinin hərbi əməliyyatlara keçə biləcəyi barədə söz-söhbət gedir. Bu halda Rusiyanın reaksiyası necə olacaq?
- Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində vasitəçidir. Bir daha təkrar edirəm – sülh yolu ilə. Və bu, hər şeyə aydınlıq gətirir.
- Azərbaycanda əksəriyyət hesab edir ki, hərbi əməlyyatlar başladığı təqdirdə Rusiya Ermənistanın tərəfini tutacaq. Çox kiçik bir qisim ümid edir ki, Rusiya Azərbaycanı dəstəkləyəcək. Lakin Rusiyanın neytral mövqe tutacağını düşünənlər yoxdur…
- Bu hipotetik bir haldır. Mən çox ümid edirəm ki, Rusiya heç vaxt təcrübədə bu hipotezdə nəzərdə tutulan seçimi etmək zərurəti ilə qarşılaşmayacaq.
- Bu yaxınlarda müsahibələrinizin birində Rusiya-Azərbaycan münasibətlərinə dair suala cavab verərkən demisiniz ki, son bir il ərzində iki dövlət arasında bir çox tədbirlərin keçirilməsinə və bir çox sahələrdə layihələrin həyata keçirilməsinə baxmayaraq, Siz onları «sensasiya» və ya «sıçrayış» adlandırmaq istəməzdiniz. Məhz Rusiya-Azərbaycan münasibətləri kontekstində Siz bu ifadələri hansı hallarda işlədərdiniz?
- Düşünürəm ki, belə hadisələrdən biri barədə bu ifadələri işlətmək yerinə düşər. Bu, cari ilin yanvarın 21-dən 23-dək keçirilən Humanitar Əməkdaşlığa dair Birinci Rusiya-Azərbaycan Forumudur. Moskvadan 150 nəfər gəlmişdi – əsl elita, bütün aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, deputatlar, akademiklər, nazirlər, mədəniyyət xadimləri. Siyahını ilk dəfə görəndə, mən bu insanların Bakıya gələcəyinə inanmadım. Sonuncu dəfə bu cür «ulduzlardan ibarət» nümayəndə heyəti yenidənqurmanın ilk çağlarında Amerikaya səfər etmişdi. Bilirsinizmi, onlar nə üçün gəlmişdilər? Onların Azərbaycana marağı var. Və Sizin ölkənizə olan bu marağın və hörmətin dəyəri böyükdür. Düşünürəm ki, bu tədbir humanitar sahədə münasibətlərimizə uzunmüddətli perspektiv üçün böyük qüvvə və enerji verdi.
- Son zamanlar Azərbaycanın miqrasiya sahəsindəki siyasəti, o cümlədən Azərbaycana gələn Rusiya vətəndaşlarına münasibətdə çox sərtləşib. Siz artıq bu barədə fikirlərinizi söyləmisiniz. Rusiya vətəndaşlarının burada qeydiyyatının sadələşdirilməsi istiqamətində nə isə etmək mümkün olub?
- Təəssüf ki, mənim sözlərimdən düzgün sitat gətirməyiblər. Səhv etmirəmsə, elə Sizin qəzetiniz də. Amma məsələ bunda deyil. Məsələ belədir. Rusiyaya qədəm qoyan azərbaycanlı üç gün ərzində «miqrasiya uçotuna» durmalıdır. Əmək fəaliyyəti üçün müvafiq icazə alınmalıdır. İcazələrin sayı kvota ilə tənzimlənir, ona görə də onu almaq çətindir. İnsanlar əziyyət çəkir. Azərbaycanda olan Rusiya vətəndaşları da eynilə müvafiq miqrasiya tələblərinə riayət etməlidirlər.
Əlbəttə, istərdik ki, özlərini strateji tərəfdaş adlandıran ölkələr «qapılarını bir-birinin üzünə taybatay açaraq» yaşasınlar. Lakin bu, hələlik mümkün deyil. Beynəlxalq terrorizm, trans-sərhəd cinayətkarlığı və digər neqativ hadisələr heç də bəhanə deyil, reallıqdır.
Qanuna riayət edən vətəndaşların əziyyət çəkməməsi üçün miqrasiya məsələlərinin müaviq həlli isə başqa məsələdir və bu istiqamətdə Azərbaycan tərəfi ilə dialoq davam etdirilir.
- Rusiya-Azərbaycan sərhəddinin keçilməsi prosedurasının sadələşdirilməsi məsələsi vaxtaşırı olaraq qaldırılır. Amma hələ ki, hər şey eyni səviyyədə qalmaqdadır. Əgər sovet dövründə Bakıdan Mahaçqalaya 4-5 saata rahat getmək olardısa, indi Bakı-Mahaçqala-Bakı elektrik qatarı ilə 11-12 saata, eyni marşrut ilə avtomobillə isə 7-8 saata getmək olur. Bu məsələnin sadələşdirilməsi nə dərəcədə realdır?
- Sovet dövründə Bakı ilə Mahaçqala arasında dövlət sərhəddi yox idi və sərhəd, gömrük rəsmiyyətindən keçmək lazım deyildi. Lakin mən bunu sərhəddə yaşanan hazırkı vəziyyətə bəraət qazandırmaq üçün söyləmirəm. Vəziyyət doğrudan da gərgindir. Mən bunu öz gözlərimlə görmüşəm.
Reallıq belədir ki, hamıya məlum olan çətinliklər üzündən regiondakı sərhəddə ciddi yoxlama tədbirləri görülür. Təsəvvür edirsiniz, mövcud qaydalara uyğun olaraq yoxlamaq üçün hər bir furqonu tamam boşaltmaq (sonra isə yenidən yükləmək) lazımdır. Bu sərnişin nəqliyyatına da aiddir. Gizli deyil ki, bu zəmində sui istifadə halları da olur.
Rusiya ilə Azərbaycan aasında sərhədlərin delimitasiyası məsələsinin tam həll olmaması da bir çox şeylərə səbəb olur. Hər hansı ərazinin Rusiyaya, yoxsa Azərbaycana aid olması bilinmədiyi təqdirdə, orada infrastrukturun inkişafına vəsait yatırmaq Rusiya üçün çətindir.
Rusiya və Azərbaycan prezidentlərinin 2009-cu il iyunun 29-da keçirilmiş görüşündə sərhəd xəttinin hansı ərazidən keçməsi barədə prinsipial razılıq əldə olunub. Hazırda ekspertlər bu razılaşmanı rəsmiləşdirilmək üçün işə başlayırlar. Ümid etmək istərdik ki, bunu tezliklə həll etmək mümkün olacaq və bu işin nəticəsini sərhəddi keçən insanlar hiss edəcəklər.
- Azərbaycan Diplomatiya Akademiyasında təhsil alan magistrlər və dövlət strukturlarının işçiləri ilə görüşdə Siz bunları demisiniz: «Azərbycan və Rusiyanın üç vacib, müştərək maraqları var. Bunlar ticarət, energetika və regional təhlüekəsizlikdir». Bəs, bu maraqlar yox olsa, o zaman Rusiya ilə Azərbaycanı nə birləşdirə bilər?
- Mən axı, Sizə dedim ki, «əgər» kəlməsi ilə başlayan suallara cavab verməyəcəyəm. Siz isə məni yenə də buna təhrik edirsiniz.
Neft və qaz həqiqətən nə vaxtsa tükənə bilər. Çətin də olsa, ticarətin də nə vaxtsa, harasa yox ola biləcəyini fərz etmək olar. Lakin «regional təhlükəsizlik» anlayışı heç zaman itməyəcək. Çünki biz qonşuyuq və həmişə qonşu olacağıq. Və bu, iki ölkə arasında münasibətlərin ən yüksək etimad və qarşılıqlı anlaşma çərçivəsində qurulması üçün əsas stimuldur.
- Yeni vəzifənizdə ilk səfərlərinizdən biri Dağıstana səfər idi. Dağıstanın Prezidenti Muxu Əliyevlə görüşdə qeyd etmisiniz ki, yeni vəzifənizdə ilk missiyalardan biri kimi respublika rəhbərliyi ilə tanışlığı özünüzə borc bilmisiniz. Nə üçün məhz Dağıstan? Bu səfərdə Sizi daha çox nə təsirləndirdi?
- Səbəblər aydındır. Dağıstan Rusiya ilə Azərbaycanı birləşdirən həlqədir. Buna respublikanın coğrafi mövqeyi və tarixi keçmişi zəmin yaradır. Bu həlqənin münasibətlərimizin yaxşılaşdırılmasına xidmət etməsi vacib məsələdir.
Bu gün Dağıstan Rusiyanın ən problemli bölgələrindən biridir. bunun əsasında sosial-iqtisadi çətinliklər dayanır. Hər il Dağıstana 30 min yeni iş yeri tələb olunur, ötən il isə cəmi 5 min yeni iş yeri açılıb. Azərbycanla əməkdaşlıq bu problemlərin həllinə kömək edə bilər və Azərbaycan bu cür əməkdaşlığa hazırdır. Mən də bir Səfir kimi öz xidmətlərimi təklif etmək istəyirdim. O ki qaldı nəyin məni daha çox mütəəssir etməsinə, bu, yəqin ki, Dərbənd qalasına avtomatçıların mühafizəsi altında tamaşa etdiyim idi…
- Bu Sizin Dağıstana ilk səfəriniz idi, yoxsa, əvvəllər də orada olmuşdunuz? Axı, Siz Daığstanın yaxınlığında anadan olub, boya-başa çatmısınız.
- Xeyr, mən ilk dəfə idi ki, Dağıstanda olurdum. Baxmayaraq ki, mən doğrudan da yaxınlıqda, Həştərxanda anadan olmuşam.
- Azərbaycanı da kifayət qədər gəzmək Sizə nəsib olub. Siz həm cənub, həm də şimal bölgələrində olmusunuz. Naxçıvana da səfər etmisiniz. Ən çox xoşunuza gələn bölgə hansı olub?
- Hər bir region öz-özlüyündə marqalıdır. Ən maraqlısı ərazisi o qədər də böyük olmayan Azərbaycanda bu qədər zəngin təbii, bitki və heyvanat aləiminin olmasıdır.
- Bəs, ailənizlə birlikdə Azərbaycanın hansısa bölgəsinə istirahətə gedə bilmisinizmi?
- Təəssüf ki, Azərbaycanda istirahət etməyə hələ ki, iş gəlib çatmayıb… Ümumilikdə olduğu kimi…
- Siz inanclı adamsınız? Siz nəyə və ya kimə inanır və etiqad edirsiniz?
- Öz taleyimə. 1966-cı ildə və Moskvada diplomatik ali məktəbə qəbul olundum. Böyük dillər haqqında, Paris, London, Nyu-York barədə xəyallar qururdum. Mənə isə macar dilini «verdilər». Əvvəl bu məni o qədər də sevindirmədi. Lakin taleyin məndən daha ağıllı olduğu sonradan aydın oldu. Macarıstan həddən artıq maraqlı ölkədir. Bu ölkəyə həsr etdiyim 21 il mənim üçün əsl həyat məktəbi, peşəkar və vətəndaş kimi yetişməyim üçün bir məktəb oldu. Sonralar Xarici İşlər Nazirliyində mədəniyyət departamentinə rəhbərlik etdim. Zambiyada səfir oldum, xüsusi tapşırıqlar üzrə səfir kimi Ukrayna ilə məşğul oldum. Mən bu vəzifələri seçməmişəm, onları mənə təklif edirdilər və mən tərəddüdsüz olaraq razılaşırdım. Və hər şey lap yaxşı oldu. Mən heç vaxt peşman olmamışam. Peşəkar kimi yetişirdim və mənə elə gəlir ki, faydalı olurdum. Ümidvaram ki, Azərbaycandakı işim barədə də bunları deyə biləcəyəm. Bu vəzifəni də, başa düşdüyünüz kimi, mən seçməmişəm…
Lakin tale ilə yola getmək lazımdır. Onun comərdliyi aldadıcıdır. O nə təklif edirsə, bu işi ən vacib, ən əsas və bəlkə də həyatının son işi kimi yerinə yetirmək lazımdır. Onda hər şey alınır. «Necə lazımdırsa, elə et, onda hər şey lazım olduğu kimi olacaq». Stoiklər belə deyir və onlar yüz faiz haqlıdırlar.
- Aydındır ki, Sizin istirahət üçün az vaxtınız qalır. Amma yenə də, istirahət üçün imkanınınz olanda, nə ilə məşğul olursunuz?
- Hər bir səfirin yerinə yetirməli olduğu vəzifəlr var. Lakin hər kəsin öz işini özü üçün rahat rejimdə təşkil edə bilər. Demək olar ki, vaxtımın tən yarısını mən özüm planlaşdıra bilərəm. Yəni görüşləri, səfərləri mənim üçün rahat vaxta təyin edə bilərəm, daxil olan dəvətlər arasından seçim edə bilərəm, istirahət günlərində sənəd işləri ilə məşğul ola bilərəm ki, iş günlərində sərbəst vaxtım olsun və əksinə… Mən bu ağaçalarlıqdan elə istifadə edirəm ki, bədii ədəbiyyat oxumağa vaxtım çox olsun, hazırda Azərbaycan nəsr və nəzm əsərlərini oxuyuruam. Biz həyat yoldşımla musiqini sevirik. Biz filarmoniyanın daimi tamaşaçıları olmuşuq, milli opera və baletlə tanış olmuşuq, rus teatrının repertuarındakı əksər tamaşalara baxmışıq. Həftədə iki dəfə tennis oynamağa çalışıram. Xoşbəxtlikdən Səfirliyin özünün tennis meydançası var. Ən sevimli məşğuliyyətim isə «Binə» atçılıq idmanı klubunda at sürməkdir, ora tez-tez getməyə çalışıram.
- Xobbiniz varmı?
- Mənim evdə böyük kitabxanam, dünya kinosu nümunələrinin toplandığı DVD kollekisaysı, çoxlu musiqi diskləri var. Afırikadan biz maskalar və digər artefaktlar gətirmişik. Lakin, bütün bunlar «xobbi» sözünün ehtiva etdiyi səviyyədə deyil.
- Düşünürəm ki, yerli mətbəxi artıq dada bilmisniz. Artıq sevimli yeməkləriniz varmı?
- Bu sual lap adamın nəfəsini kəsən sualdır. Bakıda olduğum bir il ərzində çəkimin nə qədər artdığını deməyə belə utanıram. Biz Azərbaycan mətbəxini çox sevmişik və istisnasız olaraq bütün yeməkləri yeyirik.
- Bəs həyat yoldaşınız yerli yeməklərdən bişirməyi hələ öyrənməyib? Ümumiyyətlə, həyat yoldaşınız Sizin üçün yemək bişirirmi?
- Bizim aşpazımız var. O, Rusiyadandır və əsasən rus yeməkləri bişirir. Əgər Azərbaycan mətbəxini dadmaq istəyiriksə, o zaman restorana gedirik. Hara getmək lazım olduğunu artıq bilirik.
- Siz uzun müddət Macarıstanda çalışmısınız və hətta macar dilində danışırsınız. Bəs, Azərbaycan dili ilə vəziyyət necədir?
- Əlbəttə, hər bir diplomat çalışdığı ölkənin dili ilə maraqlanmalıdır. mən də öz həmkarlarımdan bu və ya digər sözün, ifadənin mənasını soruşuram. Bu yaxınlarda Moskvada MDB ölkələri ali məktəbləri və Azərbaycan dilini öyrənmək istəyənlər üçün ilk Azərbaycan dili dərsliyi çapdan çıxıb. İndi bu dərslik mənim masamın üzərindədir. Lakin sonra nə etmək lazım olduğu mənim üçün dilemmadır. Bir vaxtlar macar dilini çox yaxşı öyrəndiyimdən (vaxtilə mən çox yüksək səviyyəli tərcüməçi olmuşam), mənim müəyyən meyarlarım var. Mənim bildiyim ikinci xarici dil ingilis dilidir. İngiliscə cəld danışıram, lakin macar dilindən pis danışıram. Bəzən leksikanın kasadlığı və qramatik səhvlərdən utanıram. Yəqin ki, artıq Azərbaycan dilini macar dili kimi mənimsəyə bilmərəm. Başqa cür isə Azərbaycan dilinə hörmətsizlik olar.
- Bura gəldikdən və burada bir il yaşadıqdan sonra hansısa sırf Azərbaycan vərdişləriniz meydana gəlibmi?
- Azərbaycan həyat tərzində müsbət hal kimi dərhal gözə çarpan – ailəyə, böyüklərə, qadına və uşağa münasibətdir. Bizdə, Rusiyada bu çatmır. Ənənələri, vərdişləri dərhal, birbaşa qəbul etmək əlbəttə ki, mümkün deyil. Lakin, ən azı öz ailəmizdə biz bu barədə daha tez-tez düşünməyə başlamışıq.
- Zəhmət olmazsa, Sizin Azərbaycana hazırkı şəxsi münasibətinizi ifadə edəcək beş söz söyləyin.
- Nə üçün məhz beş söz? Niyə üç və ya altı yox? Bu cür suallara cavab vermək xoşuma gəlmir. Lakin bu o demək deyil ki, mən sualın mahiyyəti üzrə cavab vermək istəmirəm. Azərbaycan – dünyada hörmətə və adekvat qiymətləndirməyə layiq ölkədir və mən şadam ki, tale mənə bu ölkə ilə tanış olmaq imkanı nəsib edib.
V.Əliyeva