Embrus-Az.com > «Azərbaycan və Rusiya arasında münasibətlər digər ölkələr üçün örnəkdir» - Vladimir Doroxin

«Azərbaycan və Rusiya arasında münasibətlər digər ölkələr üçün örnəkdir» - Vladimir Doroxin


Hələ qədim dövrlərdən Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq və mehriban qonşuluq əsasında qurulub. Vəziyyət hazırda da bir o qədər dəyişməyib. Belə ki, Azərbaycanda Rusiyanın iştirakı və rus dilinin mövcudluğu respublikanın mədəni və təhsil həyatının ayrılmaz hissəsidir. Bəs, ölkələrimiz arasında diplomatik, iqtisadi, mədəni əlaqələr necə inkişaf edir, gələcək üçün hansı planlar var?

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfiri V.D.Doroxin «Nedelya» qəzetinin müxbiri ilə söhbətdə həmin məsələlər barədə danışıb.

Rusiyanın Azərbaycandakı səfirinin missiyası

- Rusiyanın Azərbaycandakı səfiri olmaq nə deməkdir?

- İlk növbədə, Rusiyanın Azərbaycanda səfiri olmaq böyük məsuliyyətdir. Bu, Azərbaycanın Rusiya üçün əhəmiyyəti ilə bağlıdır. Azərbaycan bizim qonşumuzdur. İki dövlət arasında sərhəd narahat region olan Şimali Qafqazdan keçir. Etibarlı «arxa» bizim üçün vacibdir. Digər bir aspekt – Azərbaycanın regional və beynəlxalq arenada xarici siyasətdəki roludur. Azərbaycan enerji bazarında ciddi mövqelərə sahibdir və Rusiya, özü enerji ixracatçısı olaraq, bununla hesablaşmaya bilməz. Buna görə də, Rusiyanın Azərbaycandakı səfirliyinin işi göz qabağındadır. Moskvada bizim məlumatları gözləyirlər, bizim fikrimizi nəzərə alırlar.

- Bakıya gəldikdən sonra Sizin ümidləriniz nə dərəcədə doğruldu? Siz nə gözləyirdiniz və nəyin şahidi oldunuz?

- İşin həcmi və intensivliyi gözlənildiyindən çoxdur. Düşünürəm ki, bu, birinci suala verdiyim cavabdan aydındır. Digər bir vacib məqam – açıqlıqdır. Bakıda mənə mətbuatın diqqəti böyükdür, mən müxtəlif tədbirlərə dəvət olunuram. Bütün bunları etmək lazımdır, axı, səfirin əsas vəzifələrindən biri – təmsil etdiyi ölkə barədə danışmaqdır. Buna baxmayaraq, söylədiklərim mənim üçün qeyri-adidir. Mən heç vaxt bu cür açıq fiqur olmamışam.

Rusiya və ruslar Azərbaycanda

- Səfirlik Azərbaycanda yaşayan ruslarla qarşılıqlı münasibətləri necə qurur? Siz ölkədəki həyat şəraitindən razısınızmı? Əgər neqativ məqamlar varsa, bunlar əsasən nə ilə bağlıdır?

- Azərbaycanda 150-160 min nəfər milliyyətcə rus olan vətəndaş var. Mənim, Rusiyanın səfiri olaraq, onları himayə və müdafiə etmək səlahiyyətim yoxdur. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaşayırlar və onların, qanuna müvafiq olaraq, öz hüquqlarını qorumaq imkanları var. Düzdür, bəzən Səfirliyə elə məktublar daxil olur ki, orada insanların milliyyətcə rus olması ilə əlaqədar işdən azad olunmaları barədə deyilir, irqi ayrı-seçkilikdən müdafiə etmək xahişi əksini tapır. Belə hallarda biz dostcasına Azərbaycanlı həmkarlarımızdan məsələni araşdırmağı xahiş edirik. Bizim xahişlərimiz xeyirxahlıqla qarşılanır. Yeri gəlmişkən, hələ ki, ayrı-seçkiliklə bağlı şikayətlərin heç biri təsdiqini tapmayıb.

Azərbaycanda ruslar özlərini necə hiss edirlər? Rusiya həmvətənlərin könüllü köçürülməsi proqramını həyata keçirir. Əgər hər hansı bir insan özünün rus milləti ilə bağlılığını bildirirsə, o, köçüb Rusiyada yaşaya bilər. Amma, bu proqramın icrası başlandıqdan indiyə qədər Azərbaycandan cəmi 20-30 ailə köçüb gedib. Bu, o deməkdir ki, görünür, bizim həmvətənlərimiz buradakı həyatlarından tam razıdırlar.

- Rus dilli əhaliyə münasibətdə Sizin fəaliyyətinizə nə daxildir?

- Bizim əsas məqsədimiz – rus dilli mədəni məkanla əlaqələrin qorunub saxlanmasıdır ki, biz də bunu “rus dünyası” adlandırırıq. Rus həmvətənlərin respublikada öz təşkilatları var. Biz onlara rus dilinin, rus mədəniyyətinin populyarlaşdırılması və dəstəklənməsinə dair tədbirlərin keçirilməsində yardım edirik.

Rusiyada və Azərbaycanda təhsil – üstün və çatmayan cəhətlər

- Azərbaycanda təhsil barədə danışaq. Ölkəmizdə təhsil Rusiyada təhsildən nə ilə fərqlənir? Onların üstün və çatmayan cəhətləri hansılardır və iki ölkə arasında bu sahədə hansı əlaqələr qurulub?

- Bakıda olduğum səkkiz ay ərzində mən Azərbaycanın bir neçə ali məktəbində olmuşam. Əgər Rusiya ilə müqayisə etsək, deyə bilərəm ki, hər iki ölkə hazırda təhsil sahəsində islahatlar aparmağa çalışır. Zənnimcə, bu islahatlar eyni istiqamətdə gedir, bu islahatlarda Avropadakı Bolonya prosesi əsas kimi götürülür.

Yaxşı hal odur ki, hələ Sovet İttifaqı dövründə qurulmuş əlaqələr süni şəkildə qırılmayıb və zənnimcə, bu hər iki ölkə üçün faydalıdır. Mən Bakı Dövlət Universitetinin 90 illiyi ilə bağlı bayram tədbirlərində iştirak etmişəm. Həmin tədbirdə Rusiyadan çoxlu qonaqlar iştirak edirdi. Təkcə Moskva Dövlət Universitetindən 40 nəfər iştirakçı vardı. Azərbaycanın hansı ali məktəbinə gedirəmsə gedim, hətta, ən kiçik özəl ali məktəbdə belə, Rusiya ilə münasibətlərdən danışılır.

- Deyə bilərsinizmi, Rusiyada nə qədər azərbaycanlı tələbə təhsil alır?

- Bəli, əlbəttə. Hətta, dəqiq rəqəmi də deyə bilərəm. Səfirlik Rusiyanın Təhsil Nazirliyindən bununla bağlı dəqiq rəqəmlər təqdim etməyi xahiş edib. Rusiyada 5755 azərbaycanlı tələbə təhsil alır. Onlardan 1420 nəfəri Rusiyanın federal büdcəsindən ayrılan vəsait hesabına təqaüd alırlar, qalanları isə öz hesablarına oxuyurlar.

Bir müddət əvvəl Bakıda Beynəlxalq Təhsil yarmarkası keçirilirdi ki, həmin yarmarkada da Kazan Universiteti təmsil olunmuşdu. Mən universitetin nümayəndəsindən orada azərbaycanlı tələbələrin təhsil alıb-almadığını soruşdum. O dedi ki, təkcə bu il universitetə 15 nəfər azərbaycanlı tələbə qəbul olunub. Onları özləri gediblər və qəbul olunublar. Bu, Rusiyada ali təhsil alınmasına respublikada böyük marağın olmasından xəbər verir. Biz Azərbaycan üçün kadr hazırlığında əsas mərkəzlərdən biri olmağımızdan qürur duyuruq. Rusiya ali məktəbini bitirmək haqqında diplom istənilən, indiki təbircə desək, «bərkgedən» təşkilatların qapılarını açır.

«Bizim» rusiyalı vətəndaşlarımız

- Bizim Rusiyadakı həmvətənlərimiz barədə nə deyə bilərsiniz? Onların sayı nə qədərdir? Kimlər sayca daha çoxdur, əməkçi miqrantlar, yoxsa «rusiyalılar»?

- Müxtəlif hesablamalara görə, Rusiya ərazisində 2,5 milyon nəfər azərbaycanlı yaşayır. Onlardan 700-800 min nəfəri Rusiya vətəndaşıdır. Qalanları, yəqin ki, «əməkçi miqrantlar» kateqoriyasına aid etmək lazımdır. Əsas odur ki, bu qədər azərbaycanlının Rusiya ərazisində yaşaması bizim münasibətlər üçün heç bir siyasi xarakterli problem yaratmır. Əksinə, bu insanlar Rusiya-Azərbaycan dostluğunun sanki aktivini təşkil edirlər. Hazırda sizin Rusiyadakı həmvətənləriniz təşkilatlanırlar, diasporun işi güclənib, qəzetlər, jurnallar nəşr olunmağa başlayıb, müxtəlif mədəni və tədris tədbirləri keçirilir. Bütün bunları ancaq alqışlamaq olar.

- Rus dilinin Azərbaycanda rolu barədə nə deyə bilərsiniz? Ölkəmizdə rus dilinin öyrənilməsinə maraq böyükdürmü? Rusiya hökuməti rus dilinin «populyarlığının» artırılması üçün hansı tədbirlər görür?

- Azərbaycana gələn hər bir şəxs burada mövcud olan fenomeni qeyd edir. Ruslar əhalinin cəmi 2 %-ni təşkil edir, rus dilinin yayılma əhatəsi isə müqayisə olunmayacaq dərəcədə böyükdür. Ən əsası, Azərbaycanda rus dili təbii olaraq mövcuddur. Hökumət başa düşür ki, çoxdillilik yaxşı haldır. Rusiya hazırda rus dilinin dəstəklənməsi və yayılmasında yardım etmək iqtidarındadır. Əgər əvvəllər azərbaycanlılar rus dilini təbii olaraq, rus dilli cəmiyyətdə yaşayaraq öyrənirdilərsə, hazırda əksəriyyət rus dilini xarici dil kimi öyrənməyə məcburdur. Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan sektorunda rus dilinin tədrisinə dair pilot layihənin icrasına başlayıb. Biz bu işdə metodiki yardım göstərməyə və məsləhətlər verməyə hazırıq.

Respublika barədə təəssüratlar və Azərbaycanla Rusiya arasında münasibətlərin gələcəyi

- Bu aylar ərzində Azərbaycanın hansı bölgələrində olmuşsunuz? Bakı Sizin xoşunuza gəlirmi?

- Bakı mənim xoşuma gəlir, amma, təbii ki, Bakının küləklərinə öyrəşmək lazımdır, tıxaclara artıq öyrəşmişik. Bu müddət ərzində mən Naxçıvanda, Nabranda olmuşam. Üç dəfə Qəbələyə səfər etmişəm. Şimalda, Quba, Xaçmaz rayonlarında olmuşam, belə ki, bu rayonlar Dağıstanla sərhəddə yerləşir. Burada Rusiya-Azərbaycan əməkdaşlığına dair bir çox tədbirlər keçirilib.

- Siz səfir olaraq, Rusiya-Azərbaycanın münasibətlərinin gələcəyin necə görürsünüz?

- Münasibətlərin gələcəyi tam aydındır. Rusiya və Azərbaycan münasibətlərini uydurulmuş siyasi ambisiyalar üzərində qurmurlar. Bizim sarsılmaz konstruksiyamız var – biz qonşuyuq və həmişə birlikdə yaşayacağıq. Qonşular arasında dostluq münasibətləri olmalıdır. Düşünürəm ki, münasibətlərin gələcəyini məhz bu əsaslar müəyyən edəcək, iki ölkə arasında bir-birinə yalnız xeyirxah arzulara əsaslanan münasibətlər isə artıq kifayət qədər ətalətlidir. Əvvəllər hər iki ölkə mürəkkəb dövrlər keçirib, lakin hər iki ölkə anlayıb ki, bundan sonra belə olmamalıdır. Artıq yeni sistem qurulub. Bu, bundan sonra Rusiya və Azərbaycanın dostluq şəraitində yaşayacağının təminatıdır.

Milana JUÇKOVA

 


Geriyə