Embrus-Az.com > Azərbaycan bizim yaxın strateji tərəfdaşımızdır və bizim üçün onu adekvat qiymətləndirmək vacibdir - Vladimir Doroxin
Azərbaycan bizim yaxın strateji tərəfdaşımızdır və bizim üçün onu adekvat qiymətləndirmək vacibdir - Vladimir Doroxin |
|
Doroxin Vladimir Dmitriyeviç: Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bunlar sadəcə sözlər deyil. Cari ildə Rusiya və Azərbaycan prezidentləri bir-biri ilə ikitərəfli formatda dörd dəfə və bir neçə dəfə də beynəlxalq tədbirlər çərçivəsində görüşüblər. Rusiya prezidentinin belə tez-tez hansısa digər dövlətin lideri ilə görüşdüyünü xatırlamıram. Bu il Rusiyanın iqtisadiyyat, müdafiə və nəqliyyat nazirləri Bakıya səfər ediblər. Azərbaycanın bir çox nazirləri Rusiyaya səfər ediblər. Rusiya ilə Azərbaycan arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur. Rusiya Azərbaycan üçün bir nömrəli ixracatçıdır, Azərbaycan isə Rusiyanın idxalında əhəmiyyətli yerə malikdir. Dünya iqtisadiyyatında baş vermiş böhran Rusiyanın digər ölkələrlə əlaqələrinə nisbətən, Azərbaycanla ikitərəfli münasibətlərin göstəricilərinə daha az təsir edib. Əgər MDB ölkələri ilə ticarət balansı 50% azalıbsa, Azərbaycanla ticarət balansı cari ilin 8 ayı ərzində bizim statistikaya görə 20%, Azərbaycan statistikasına görə isə 12% azalıb. Bizim ticarət-iqtisadi əlaqələrimizin vacib elementi qaz müqaviləsidir. Düşünürəm ki, Sizin jurnal üçün bu xüsusilə maraqlı olacaq. Sözsüz ki, bu, yeni, demək olar ki, tarixi bir məqamdır. Elə bir dövr vardı ki, qaz Sovet İttifaqından verilirdi. İndi isə, ilk dəfə olaraq elə bir razılıq əldə olunub ki, bu razılığa əsasən, yanvarın 1-dən Azərbaycan qazı Rusiyaya ixrac olunacaq. Sizin sualınızın ikinci hissəsinə cavab olaraq demək istəyirəm ki, Rusiya və Azərbaycan artıq 20 ilə yaxındır ki, müstəqil dövlətlərdir. Bu müddət ərzində iki dövlət arasında etibarlı hüquqi baza formalaşıb. Düşünürük ki, münasibətlərdə bir element hələ də çatmır, bu, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hələ də imzalanmayıb. Bu barədə danışıqlar çoxdan gedir, sazişin mətni demək olar ki, razılaşdırılıb. Həll olunmamış məsələ yalnız Azərbaycanın Rusiya ərazisində diplomatik mülkiyyətinə hüquqların tanınması ilə bağlıdır. Ümidvaram ki, tezliklə biz bu məsələ barədə də razılığa gələcəyik. CE: Prezident Dmitri Medvedevin iyun ayındakı səfəri nə ilə nəticələnib? Yüksək səviyyədə əldə olunmuş razılıqlar əməli işdə necə yerinə yetirilir? Doroxin Vladimir Dmitriyeviç: Prezident Dmitri Medvedevin səfəri bir sıra səbəblərdən vacib idi. Ən əsası, iki ölkə arasında sərhədlərə dair məsələnin qarşılıqlı məqbul həllinə nail olunub. Bu məsələ çoxdan müzakirə olunurdu. Demarkasiya xəttinin təqribən 96%-i razılaşdırılıb. Lakin sərhəddə üç mübahisəli ərazi var ki, onlardan biri sərhədyanı Samur çayından keçir. Məsələnin mürəkkəbliyi ondadır ki, sərhədin haradan keçməsi məsələsi su ehtiyatlarının necə istifadə olunması ilə bağlıdır: Samur çayı sərhədyanı çaydır, su isə həm Dağıstana, həm də Azərbaycana lazımdır. Razılıq Azərbaycan tərəfinin çevik mövqe nümayiş etdirərək su ehtiyatlarından istifadə formulunu təklif etməsi sayəsində mümkün olub. Hazırda Bakıda razılaşdırılmış formul əsasında danışıqlar aparmağa müvəkkil edilmiş Rusiya nümayəndə heyəti üçün direktivlər tərtib olunur. Ümidvaram ki, tezliklə biz danışıqların yekun mərhələsinə qədəm qoyacağıq. İkinci vacib məqam – Azərbaycan qazının Rusiyaya satışı, üçüncü aspekt isə Xəzər dənizinə dair birgə bəyanatdır. CE: Xəzərə Dənizi İqtisadi Əməkdaşlıq Təşkilatının (XDİƏT) yaradılması istiqamətində işlər necə gedir? Doroxin Vladimir Dmitriyeviç: Bu ideya yeni deyil və artıq bir neçə şəkildə ifadə olunub. Həm Azərbaycan, həm də Rusiya xəzərətrafı ölkələrlə ikitərəfli əsasda əməkdaşlıq edirlər. Bununla bağlı yeni təklif çoxtərəfli əməkdaşlığı nəzərdə tutur. Hələ ki, bu təklifi birmənalı olaraq üç dövlət – Rusiya, Qazaxıstan və İran dəstəkləyir. Türkmənistan təşkilatın yaradılmasının qəti əleyhinədir. Azərbaycan prinsipcə etiraz etmir, lakin Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanmadığı təqdirdə XDİƏT-in fəaliyyətinin səmərəli olmayacağını bildirir. Bu mövqeni nəzərə almamaq olmaz, bu fikirlərin, sözsüz ki, öz məntiqi var. Lakin digər bir baxış da mövcuddur – bəlkə elə Adı çəkilən təşkilatın yaradılması Xəzərin hüquqi statusu məsələsini həll etməyə imkan verdi? Rusiya hesab edir ki, təşkilatın yaradılmasının faydalı olacaq və onun fəaliyyəti əlbəttə ki, Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı tənzimlənmə proseslərinə mane olmayacaq, əksinə şərait yaradacaq. CE: Bir müddət əvvəl Həştərxanda Rusiya və digər xəzəryanı dövlətlərin səfirlərinin «Rusiyanın Xəzərdə maraqları və digər xəzəryanı dövlətlərlə əməkdaşlıqda bu maraqların təmin olunması» mövzusunda müşavirə keçirilib. Görüşün yekunlarını şərh edərdinizmi? Doroxin Vladimir Dmitriyeviç: Bu gün Rusiyada Xəzər regionuna maraq artımı müşahidə olunur və mən xəzəryanı dövlətdə fəaliyyət göstərən səfir kimi bunu yalnız alqışlaya bilərəm. Maraq iki istiqamətdə artır: Birincisi – Xəzərdə Rusiyanın iqtisadi fəaliyyətinin genişləndirilməsidir. Gələn ilin martından etibarən Rusiya («Lukoyl» şirkəti) ilk dəfə Xəzər dənizinin bu ölkəyə məxsus şelfində neft hasilatına başlayacaq. Yeri gəlmişkən, bu sahədə iş Azərbaycanla sıx əməkdaşlıqda aparılacaq. Azərbaycan tərsanəsində neftdaşıyan gəmilər yığılırdı, çox güman ki, Rusiya layihələrində Azərbaycanın tanker donanmasından istifadə olunacaq. İkinci istiqamət – hüquqi məsələlərdir. Biz Xəzərin statusunun müəyyən olunması məsələsinin həlli prosesini beş xəzəryanı dövlətin arasında konsensus yolu ilə sürətləndirmək istəyirik. Sizin xatırlatdığınız müşavirənin əhəmiyyətini həddən artıq qiymətləndirmək lazım deyil. Bu işçi bir müşavirə idi, biz hansısa siyasət işləyib hazırlamırdıq. Əsasən, Xəzər hövzəsində qarşımızda duran vəzifələr barədə, səfir olaraq həmin məsələlərin həlli üçün nə edə biləcəyimiz barədə məlumat mübadiləsi aparırdıq. Daha bir vacib aspekt Xəzər vasitəsilə yüklərin daşınması, çox ümidverici görünən Şimal-Cənub nəqliyyat dəhlizidir. Rusiya, Azərbaycan və İranı birləşdirə biləcək bu nəqliyyat sistemi vasitəsilə milyon tonlarla yük daşımaq mümkündür. Yüksək texnologiyalar sahəsini də qeyd etmək istərdim. Rusiyanın optik-lif xətləri əsasında yeni nəsil İnternet rabitə yaradılması sahəsində ixtisaslaşan «Sinterra» şirkəti tərəfindən nizamnamə kapitalı $20 milyon olan Azərbaycan-Rusiya birgə müəssisəsi yaradıb ki, həmin müəssisəyə hazırda İran və Qazaxıstan da qoşulublar. Burada söhbət Xəzər ətrafında optik-lif rabitə halqasının yaradılmasından və onun gələcəkdə Hindistan, Çin və Yaxın şərqə genişləndirilməsindən gedir. CE: Xəzəryanı dövlətlərin liderlərinin Bakıda keçiriləcək növbəti zirvə görüşünə hazırlıq işləri hansı mərhələdədir? Doroxin Vladimir Dmitriyeviç: Mənim bildiyim qədər, beş dövlətin mövqeyi belədir ki, sammitin keçirilməsi o zaman mümkün olacaq ki, hansısa razılıqları rəsmiləşdirmək zərurəti yaransın. İndi isə ən əsas məsələ həmin razılıqlara gəlməkdir. CE: Müsahibələrinizin birində Siz Rusiya cəmiyyətində Azərbaycan barədə məlumatın az olmasını vurğulamısınız. Sizin fikrinizcə, bu vəziyyəti necə düzəltmək olar? Doroxin Vladimir Dmitriyeviç: Geniş mənada, Rusiyada oğrudan da Azərbaycan barədə kifayət qədər məlumatlı deyillər. Mən Bakıya səfir qismində gəlməyə hazırlaşırdım, Azərbaycan barədə ədəbiyyat axtarırdım və son 18 ildə yazılmış yalnız bir kitab tapa bildim! Azərbaycan diasporu yalnız indi mərkəzləşir, rus dilində qəzet nəşr etdirir, «Bakı» jurnalının nəşri başlanıb. Biz öz tərəfimizdən Azərbaycan üzrə mütəxəssislər hazırlamalıyıq. Mən əvvəllər Macarıstanda işləmişəm və bu ölkəyə 20 ilimi həsr etmişəm. Sosializm dövründə Macarıstanda 51 diplomat işləyirdik ki, onların da 40 nəfəri macar dilində danışırdı. Təəssüf ki, Bakıdakı diplomatik missiyada bir nəfər də olsun Azərbaycan üzrə xüsusi təhsil almış əməkdaş yoxdur. Bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan dilinin dərindən öyrənilməsi üzrə qruplar yaradılmağa, Azərbaycan üçün diplomatlar hazırlanmağa başlanıb. Bu düz addımdır. Bizə Azərbaycanı tanıyan, Azərbaycan dilini, mədəniyyətini bilən insanlar lazımdır. Bəzən elə olur ki, Azərbaycan barədə gurultulu bəyanatlar verən insanlar, məsələn, Jirinovski kimi, bu barədə heç nə bilmirlər və bunu anlamırlar. Azərbaycan bizim yaxın strateji tərəfdaşımızdır və əlbəttə ki, bizim üçün onu adekvat və savadlı şəkildə qiymətləndirmək vacibdir. Bunun üçün isə, müvafiq elmi və peşəkar potensial lazımdır. Geriyə |