Embrus-Az.com > "Biz nəinki səylərimizi birləşdirə bilərik, biz birlikdə səy göstərməliyik". Səfir V.Doroxin ("Exo" qəzeti, 12 may 2009-cu il)
"Biz nəinki səylərimizi birləşdirə bilərik, biz birlikdə səy göstərməliyik". Səfir V.Doroxin ("Exo" qəzeti, 12 may 2009-cu il) |
|
Mən həmkarım, ABŞ-ın Bakıdakı Səfiri E.Dersinin Azərbaycan üzrə yüksək ixtisaslı mütəxəssis olduğunu əvvəllər də bilirdim. Ötən həftə «Exo» qəzetində dərc olunmuş məqaləsində isə o, Rusiya və ABŞ arasında münasibətlər barədə də çox yaxşı məlumatlı olduğunu da nümayiş etdirib. Lakin bunda təəccüblü heç nə yoxdur. Rusiya-ABŞ münasibətləri bir çox hallarda dünya siyasətinin tonallığını müəyyən edir. Bu münasibətlərin məzmununu və məntiqini, yəqin ki, hər bir diplomat, xüsusilə də bu ölkələri təmsil edən diplomatlar bilməlidir. Son illər Rusiya ilə ABŞ arasında münasibətlərin səviyyəsi çox da yaxşı olmayıb və arabir bu, bütün dünyanın canına isitmə salırdı. Mənim həmkarım Vaşinqtonun vəziyyətin düzəldilməsi istiqamətindəki təşəbbüslərindən və bu təşəbbüslərin, guya ki, Rusiya tərəfindən cavabsız qalmasından söz açır. Mən də öz ölkəmin adekvat cavab verilməmiş addımlarını xatırlada bilərdim. Lakin indi bu əsas deyil. Vacib olan odur ki, biz artıq vəziyyətin dəyişdirilməsi zərurətini anlayırıq. Prezident B.Obamanın sayəsində beynəlxalq lüğətdə yeni termin – «yenidən yükləmə» termini meydana gəlib və bu kəlmə xoş gələcəyə ümidlər doğurur. Həmkarım yazır ki, «ABŞ və Rusiya arasında tərəfdaşlıq ittifaqı böyük bir nüfuzu, istedad və enerjini təcəssüm etdirir və bunları müasir dünyanın ən mürəkkəb xarici siyasət məsələlərinin həllinə yönəldir». Bununla razılaşmamaq mümkün deyil. Necə ki, həmkarımın saydığı, təhlükəsizlik və sabitliyin təmin olunmasında Rusiya-ABŞ tərəfdaşlığının yardımçı ola biləcəyi sahələrlə də razılaşmamaq mümkün deyil. Bura əlbəttə ki, beynəlxalq terrorçuluqla mübarizə, nüvə silahlarının azaldılması, nüvə silahının yayılmasının qarşısının alınması, iqtisadi, ekoloji və digər qlobal problemlərin həlli də aiddir. Rusiya həmçinin ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemlərinin Şərqi Avropada yerləşdirilməsinə dair diskussiyalarda da irəliləyişlərə ümid edir (nə bilmək olar, bəlkə bu problemin həllinə Qəbələ RLS-in birgə istifadəsi kömək etdi). Biz beynəlxalq təhlükəsizlik, NATO-nun genişlənməsi, adi silahlara nəzarət məsələlərində yeni qarşılıqlı anlaşmaya ümid edirik. ABŞ və Rusiya arasında ticarətə qoyulmuş süni maneələrin aradan qaldırılması və bizim ölkəmizin Ümumdünya Ticarət Təşkilatına qoşulmasına yardım dünya təsərrüfat əlaqələrinə müsbət təsir göstərə bilərdi. Rusiya və ABŞ-ın nəinki səylərini birləşdirə biləcəyi, həm də birlikdə səy göstərməli olduqları sahələrin siyahısını uzatmaq olar. Həqiqətən, ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələrə verilən qiymətlər ABŞ və Rusiya arasında kəskin fikir müxtəlifliyi yaradır. Mən bu məsələdə Rusiyanın mövqeyindən geniş danışmayacağam. Məsələyə qərəzsiz yanaşan insanlar artıq kimin düşüncəsiz hərəkətlərinin regionda partlayışa gətirib çıxardığını, beynəlxalq mandat əsasında öz borcunu yerinə yetirən sülhməramlıların qanının tökülməsində kimin günahkar olduğunu və Rusiyanın nəyə görə məhv olma təhlükəsi qarşısında qalmış xalqları öz himayəsi altına almasını anlayıblar. Hazırda vacib olan odur ki, Gürcüstanda və onun ətrafında baş verənlər vəziyyətin yenidən kəskinləşməsinə gətirməsin və burada da, yenə ABŞ və Rusiyanın məsuliyyətindən danışmaq olar. Bu yaxınlarda yerli televiziyanın əməkdaşı məndən müsahibə alarkən belə bir sual verdi: «Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri saxlayan Rusiyanın, Bakının Vaşinqtonla də bu cür münasibətlər qurmaq niyyətinə münasibəti necədir?». Mən düşünmədən cavab verdim ki, «tərəfdaşlarını seçmək Azərbaycanın suveren hüququdur». Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin qəbul olunması Rusiyaya Azərbaycanla münasibətlər qurmaq imkanı yaradan amildir və bu münasibətlər hər iki ölkənin maraqlarına cavab verir. Belə siyasət yürütmək çətin deyil. Axı, Azərbaycan müstəqillik illərində digər dövlətlərlə, üçüncü ölkələrin maraqlarına xələl gətirmədən münasibətlər qurmağı öyrənib. Azərbaycan Rusiyanın heç bir dövlətlə, o cümlədən ABŞ-la rəqabət aparacağı meydan deyil. Əksinə, biz Azərbaycanın maraqlarına toxunan məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ probleminin həllində fəal əməkdaşlıq edə bilərik və etməliyik. Rusiya və Azərbaycanın münasibətlərinin əsasında tarixlərin, mədəniyyətlərin və insan talelərinin bir-birinə qarışması dayanır. Rusiyanın Səfiri olaraq mən Azərbaycan vətəndaşlarına rus dilində müraciət edə, rus dilli mətbuatı oxuya, teatrlarda rus dilində tamaşalara baxa bilərəm. Ruslar və azərbaycanlılar bir-birinə yad xalqlar deyil, bizim üçün bir-birimizi başa düşmək başqalarından daha asandır. Bu, belə demək mümkündürsə, bizim tarixi üstünlüyümüzdür. Moskva Bakı ilə bu cür münasibətləri yüksək qiymətləndirir və bundan sonra da Azərbaycanın yürütdüyü siyasətə, siyasi sistemin və insan haqlarının təmin olunması təcrübəsinə hörmət bəsləyərək bu münasibətləri gələcəkdə də inkişaf etdirəcək. Bu gün 9 may - Böyük Qələbə günüdür. O dəhşətli müharibədə bizim ölkələrimiz birlikdə Antihitler koalisiyasının üzvü olublar. Qələbənin əldə olunmasında verilmiş qurbanlar da bizi yeni tarixi məsuliyyətin zirvəsində dayanmağa məcbur edir. «Exo» qəzeti, 9 may 2009-cu il.
Geriyə |