Azərbaycanın Rus İcması ölkədə R yaşayan rus yeniyetmələr və gənclər arasında Azərbaycan dili biliklərinə dair olimpiadalar və müsabiqələr keçirməyi planlaşdırır. Bu barədə noyabrın 3-də «Novosti» Beynəlxalq Mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında İcmanın sədri, Milli məclisin üzvü Mixail Zabelin məlumat verib.
«Bu, rus gənclərini sosial cəhətdən daha fəal etmək üçün zəruridir. Hələ ki, Azərbaycan dilini bilməmək bu prosesə mane olur», - deyə Zabelin bildirib.
Müsabiqənin qalibləri hədiyyə və pul mükafatı ilə təltif olunacaqlar.
Rus icmasının rəhbəri onu da bildirib ki, adı çəkilən qurumun fəaliyyəti Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə yönəlib.
«Biz istedadlı Azərbaycan gənclərinin dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçiririk. Belə ki, tərəfimizdən Moskva merinin təqaüdü uğrunda müsabiqə keçirilir, həmin müsabiqənin şərtlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin 22 ən yaxşı tələbəsi hər ay 110 ABŞ dolları həcmində təqaüd alırlar», - deyə Zabelin bildirib.
Millət vəkili onu da qeyd edib ki, Rus İcması «Sahil» qəsəbəsində internat məktəbi bazasında fəaliyyət göstərən düşərgədə gənclərin istirahətinin təşkili üçün də layihə həyata keçirir.