2009-cu il avqustun 19-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində Rusiyanın dövlət ali təhsil ocaqlarında təhsil almaq üçün təqaüdə layiq görülmüş bir qrup azərbaycanlı gənclərin təhsil almaq üçün Rusiyaya yolla düşməsi münasibətilə mərasim keçirilib.
Rusiyanın Azərbaycandakı səfiri V. Doroxin Rusiyaya yola düşən gəncləri təbrik edib, onlara böyük uğurlar diləyib. O əmin olduğunu bildirib ki, tələbələr ali təhsil ocaqlarını bitirdikdən sonra Azərbaycanın inkişafı və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini verən mütəxəssis olacaqlar. Səfir deyib: «Rusiyada təhsil almağa Azərbaycanda böyük maraq qalmaqdadır. Moskva bunu dəyərləndirir və öz tərəfdaşına güzəşt edir. 2007-ci ildə Rusiya müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlamaq üçün Azərbaycana 178 dövlət təqaüdü ayırıb. 2008-ci ildə 198, bu il isə 284 təqaüd ayrılıb. Hazırda Rusiya ali təhsil müəssisələrində 5755 Azərbaycan vətəndaşı təhsil alır, onlardan 1420-si Rusiya Federasiyasının federal büdcəsi hesabına təhsil alanlardır. Rusiya ali məktəbinin təcrübəsi, ənənələri və dəyərləri M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında tam şəkildə realizə olunur. İkinci ildir ki, fəaliyyət göstərən bu filialda təhsil alanların sayı 200-ə yaxınlaşır. 1200 nəfər isə Azərbaycan ərazisində yerləşən digər Rusiya təhsil müəssisəsində - Moskva Dövlət Açıq Universitetinin filialında təhsil alır. Rusiya fəxr edir ki, onun ali məktəbləri Azərbaycan üçün xaricdə yüksək səviyyəli kadrlar hazırlayan əsas mərkəzlərdən biridir. Rusiya təhsil sahəsində Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır. Bu əməkdaşlığın əsasında Rusiya ali məktəblərinin yüksək nüfuzu, Azərbaycanda rus dilinin geniş yayılması, Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakteri dayanıb».


