Martın 12-də Azərbaycanın paytaxtı Bakı şəhərində Rusiyanın xarici işlər naziri S.V.Lavrov, Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri F.M.Muxametşin, Azərbaycanın xarici işlər naziri E.M.Məmmədyarov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfiri V.N.İstratovun iştirakı ilə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) açılış mərasimi olub.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.M.Qarayev, gənclər və idman naziri A.A.Rəhimov, Bakı və Xəzəryanı Yepiskopu Aleksandr, M.V.Lomonosov adına MDU Bakı filialının rektoru N.A.Paşayeva, Milli Məclisin deputatları M.Y.Zabelin, M.M.İbrahimbəyov, E.Q.Axundova, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri P.Bülbüloğlu, MDB dövlətləri diplomatik missiyalarının, həmvətənlərin ictimai təşkilatlarının, yaradıcılıq ittifaqlarının, habelə Rusiyanın informasiya agentliklərinin və Azərbaycan KİV-lərinin rəhbərləri iştirak ediblər.
Mərasimdə çıxış edən Rusiya XİN rəhbəri bildirib ki, RİMM-in açılışı iki ölkə arasında mehriban münasibətlərin olduğunu bir daha sübut edir. O bildirib ki, bu struktur Azərbaycan ictimaiyyətinə Rusiyanı və onun müasir reallıqlarını, tarixini və mədəniyyətini yaxşı tanımağa imkan verəcək. S.V.Lavrov qeyd edib ki, Rusiya Hökuməti tərəfindən Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin yaradılması MDB ölkələri ilə hərtərəfli əlaqələrin möhkəmləndirilməsinin prioritet olduğunu sübut edir.
«Mən əminəm ki, bizim bundan sonrakı əməkdaşlığımız dünyaya incəsənətin bütün sahələrində çoxlu mütəxəssislər bəxş edəcək. Biz istəyirik ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi hamı üçün açıq və qonaqpərvər bir evə çevrilsin və burada maraqlı insanlarla ünsiyyət qurmaq mümkün olsun. Bu iş çərçivəsində biz təkcə sərgi və ekspozisiyaların keçirilməsini deyil, həmçinin ayrı-ayrı yaradıcılıq kollektivlərinin çıxışlarını da planlaşdırırıq», - deyə S.V.Lavrov bildirib. Çıxışdan sonra S.V.Lavrov Azərbaycanın xarici işlər naziri E.Məmmədyarova «Moskva Kremli minilliklər sərhədində» kitabının bayram nüsxəsini təqdim edib.
Cavab nitqində E.M.Məmmədyarov qeyd edib ki, Azərbaycanda rus dili və mədəniyyətinə böyük diqqət göstərilir və cari ilin fevralında Bakıda M.V.Lomonosov adına MDU-nun filialının açılışı, Bakı şəhərində Rus Dram Teatrının fəaliyyət göstərməsi buna sübutdur. Sonra E.M.Məmmədyarov Azərbaycanın məşhur rəssamlarından birinin əsərini RİMM-ə hədiyyə edib.
«Rossotrudniçestvo»-nun rəhbəri F.M.Muxametşin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə yeni avtomobilin açarlarını təqdim edib.
Bakı və Xəzəryanı Yepiskopu Aleksandr RİMM-in kitabxanasına nadir, 11 cildlik «Rus Kilsəsinin Tarixi» kitabını təqdim edib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar RİMM-in binası ilə tanış olublar. Daha sonra konfrans zalında S.V.Lavrov və F.M.Muxametşinin Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşü keçirilib. Görüşdə Azərbaycandakı rus diasporası ilə qarşılıqlı əlaqələrin əsas məsələləri müzakirə olunub.
Görüş başa çatdıqdan sonra qonaqlar «Rusiyaya sevgi ilə» adlı foto-sərginin təşkil olunduğu konsert-sərgi salonuna dəvət olunublar.
Tədbir Azərbaycanın incəsənət ustalarının ifasında rus klassik musiqisindən ibarət konsert və bayram furşeti ilə başa çatıb.
RİMM-in təntənəli açılış mərasimindən reportaj bütün əsas yerli televiziya kanalları və «Mir» BTRŞ tərəfindən yayımlanıb.




|