Embrus-Az.com > 2010-cu il Yanvarın 21-24-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilib

2010-cu il Yanvarın 21-24-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilib


2010-cu il Yanvarın 21-24-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilib.

Rusiya tərəfdən Forumun təşkilatçıları Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi (Rossotrudniçestvo), mətbuat və kütləvi Kommunikasiyalar üzrə Federal Agentlik (Rospeçat), Rusiya İnformasiya-Teleqraf Agentliyi (İTAR-TASS), Rusiya Televiziya Akademiyası və «Rusiya-Azərbaycan» dostluq cəmiyyətidir.

Geniş tərkibli Rusiya nümayəndə heyətinə (150 nəfərdən çox) məşhur siyasi və ictimai xadimlər, aparıcı elm və mədəniyyət xadimləri, KİV nümayəndələri daxil idi.

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak edən nümayəndə heyətini səmimi salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Forumun əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bu tədbirin Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini dilə gətirib.

Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, yazıçı Eduard Topol, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Leonid Slutski, SSRİ-nin xalq artisti İosif Kobzon, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Yefim Pivovar, Rusiya Federasiyası Federasiya Şurasının iqtisadi siyasət, sahibkarlıq və mülkiyyət məsələləri üzrə komitəsinin müavini Andrey Xazin Forumun təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür edərək Forumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildiriblər və onun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Forum çərçivəsində tədbirdə iştirak edən nümayəndə heyətinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva il görüşü keçirilib.

Forum iştirakçıları bakılı həmkarlarının dəvəti ilə Milli Məclisdə, mədəniyyət və turizm, təhsil nazirliklərində, AzTV dövlət televiziya və radio verilişləri şirkətində, İctimai Televiziyada, AzərTAc Azərbaycan Dövlət Teleqraf Agentliyində, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), Yazıçılar İttifaqında, Lomonosov adına MDU-nun Bakı filialında, Diplomatik Akademiyada, Bakı Slavyan Universitetində və digər müəssisələrdə görüşlər keçiriblər.

Bundan əlavə, nümayəndə heyətinin üzvləri Bakıdakı bir sıra mədəniyyət müəssisələrini: Azərbaycan Dövlət Xalçaçılıq və xalq-tətbiqi sənət Muzeyini, müasir İncəsənət Muzeyini, Muğam Mərkəzini ziyarət edərək şəhərin görməli yerləri ilə tanış olublar.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin aktual məsələləri, siyasi strukturların, vətəndaş cəmiyyətinin, peşəkar birliklərinin və yaradıcı ittifaqlarının qarşılıqlı fəaliyyəti müzakirə olunub. Rusiya ilə Azərbaycan arasında körpülərin qurulmasında KİV-lərin roluna xüsusi diqqət yetirilib, rus dilinin qorunmasından və rusdilli informasiya məkanının genişləndirilməsindən danışılıb.

Böyük vətən Müharibəsində Böyük qələbənin 65 illiyinə həsr olunmuş tədbirlərin hazırlanmasında qarşılıqlı fəaliyyətə dair bir sıra təkliflər səsləndirilib (AMEA prezidenti, akademik M.Kərimov); Moskvada Rusiya-Azərbaycan əməkdaşlığına dair konfransın və hər iki ölkənin humanitar ali təhsil müəssisələrinin rektorlarının müşavirəsinin keçirilməsi və gələcəkdə bütün MDB ölkələrinin bura cəlb edilməsi (Y.Pivovar); Bakıda rəssam N.Safronovun əsərlərindən ibarət sərginin təşkili, Moskvanın Azərbaycanla diasporasının kabel televiziyası ilə təmin edilməsi (M.Qusman) və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Rusiyada Azərbaycan dilli məktəblərin açılmasının zərurətindən (Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Fərid Muxametşin), iki ölkənin diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov) və başqa məsələlərdən danışılıb.

Forum çərçivəsində keçirilmiş vacib tədbirlərdən biri “Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində” adlı sərginin açılışı olub.

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimində Forumun yekunlarına əsasən birgə bəyanat qəbul edilib. Bəyanatın əsas bəndlərindən biri Forumun daimi fəaliyyət göstərməsi təklifi və Rusiya və Azərbaycan prezidentlərinə bu Forumun fəxri sədrləri olmaq xahişi ilə müraciətin ünvanlanması olub.

 


Geriyə